Mətbuat Şurasının növbəti QURULTAYI: “İdarə heyətində gənc jurnalistlərin təmsil olunması günümüzün aktual çağırışlarından biridir”backend

Mətbuat Şurasının növbəti QURULTAYI: “İdarə heyətində gənc jurnalistlərin təmsil olunması günümüzün aktual çağırışlarından biridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mətbuat Şurasının (MŞ) növbəti qurultayı sentyabrın 24-ü keçiriləcək. Baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sonuncu – VII qurultayı 2018-ci ildə keçirilib.

Digər tərəfdən sosial şəbəkə və KİV-də Mətbuat Şurasının nizamnaməsində, İdarə Heyətində ciddi dəyişikliklərin olacağı, bir sıra gənc jurnalistlərin, bloggerlərin qurumun idarəetməsində təmsil olunacağı haqqında məlumatlar da geniş yer alıb.

Mətbuat Şurasının növbəti qurultayı ilə bağlı fikirlərini Editor.az-a bölüşən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki,  jurnalist camiyəsi Azərbaycanda ictimai rəyi formalaşdıran, informasiya mübadiləsi, maariflənməni həyata keçirən xüsusi bir institutdur:

“Ona görə də Mətbuat Şurasının növbəti Qurultayı xüsusi maraq kəsb edir. Mətbuat Şurasının fəaliyyəti uzunmüddətli dövr ərzində mətbuat, cəmiyyət  münasibətlərinin formalaşması və keyfiyyətinin təyin olunmasında mühüm rol oynanıb. Eyni zamanda, jurnalist dəyərlərinin, etikasının təbliğ olunmasında,  reket “jurnalistika”ya qarşı mübarizədə də səmərəli fəaliyyət göstərməyi bacarıb,  jurnalistikaya xas olmayan ancaq bu adla fəaliyyət göstərən bəzi qruplara qarşı ictimai qınağı yönləndirə bilib. Bütün bunlar müsbət qiymətləndirilməlidir. Ancaq Azərbaycanın hazırki inkişaf mərhələsində informasiya mübadiləsi sahəsində də yeni şərtlər formalaşıb, tələblər yaranıb. Bu baxımdan Mətbuat Şurasının yenilənməsi, xüsusən çağdaş jurnalistikanın yaranması prosesində mütləq Azərbaycanın gənc jurnalistlərinin yeri və rolu artırılmalıdır. Bu mənada təbii ki, informasiyaya yeni baxışı olan, yeni düşüncə tərzi və təşəbbüsləri olan gənclərin Mətbuat Şurasının idarə heyətində təmsil olunması günümüzün aktual çağırışlarından biridir. Buna görə də hesab edirəm ki, sentyabr ayının 24-də keçiriləcək Qurultayda istedadlı və günün informasiya nəbzini tutmağı bacaran gənc jurnalistlərimiz də Mətbuat Şurasında  yer alacaq”.

“Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəli Editor.az-a bildirib ki, Azərbaycan Mətbuat Şurası yaranandan indiyədək müəyyən işlər görüb, problemlərin həlli istiqamətində təkliflər irəli sürüb:

“Saytlarla, qəzetlərlə vətəndaşlar arasında yaranan narazılığın aradan qaldırılmasında mühüm rol oynayıb, barışdırıcı missiya daşıyıb. Jurnalist hüquqlarının qorunması istiqamətində də müəyyən işləri olub. Əlbəttə, daha yüksək nəticə ortaya qoymaq olardı. Düşünürəm, gec deyil, yüksək nəticəyə bundan sonra da nail olmaq olar. Qurultay Azərbaycan jurnalistləri adından keçirilirsə, ən yüksək səviyyədə təşkil edilməlidir. Quruma üzv olmayan media subyektlərinin qurultayda iştirakı təmin edilməli, həmin subyektləri təmsil edən jurnalistlərin səsvermə hüququ tanınmalıdır. Mətbuat Şurasının hazırki İdarə Heyəti bununla bağlı müzakirə aparıb, addımlar atmalıdır”.

Baş redaktor əlavə edib ki, Mediada islahatlar Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanla başladı:

“Ötən dövr ərzində medianın siması dəyişdi, şəffaflıq, hesabatlılıq artdı. Etiraf edək ki, bu, jurnalistlərin cəmiyyətdə nüfuzunun artırılmasına xidmət etdi. Proses davam edir. Gəncləşmə də siyasətin tərkib hissəsidir, dövrün tələbidir. Şuranın İdarə Heyətində gənclərin təmsil olunması təşəbbüsü müsbətdir. Demirik ki, hamısı gənc olmalıdır. Ad çəkib xüsusi bölgü aparmaq istəməzdim, hər kəs aktiv gənc jurnalistlərin kimlər olduğun bilir. Gənclərlə yanaşı, qurumda Ələsgər Məmmədli, Arif Əliyev, Elçin Şıxlı kimi peşəkarların təmsil olunması arzuolunandır. İdarə Heyətində deputatların təmsil edilməsi mümkündür. Amma həmin deputat aktiv olub, proseslərə töhfə verməlidir. Yəni biznes marağından çıxış etməməlidir. Təbii ki, prosesdən hamı razı qala bilməz, narazılar da olacaq. Amma obyektivlik, ədalətlilik maksimum təmin edilməlidir. Əminik ki, qurultaydan sonra mediada növbəti mərhələ başlayacaq. İdarə Heyətində təmsil olunmaq arzusunda olanlara uğurlar arzu edirəm”.

Araşdırmaçı jurnalist Samir Feyruzov isə bildirib ki, qurultaydan sonra ölkə mediasının “daşlaşmış” problemləri öz həllini tapa biləcəyinə inanmır:

” Düzünə qalsa, qurultaydan heç bir gözləntim yoxdur, bu qurultay taktiki addımdır. Heç bir iddiam, təklifim də yoxdur, hər hansı bir təklifin problemlərimizi həll edə biləcəyinə inanmadığıma görə belə düşünürəm. Ortada ciddi siyasi iradə olmasa, sadəcə cabalamaqla məşğul olacağıq. Strateji qərarların qəbul edilməsinin tərəfdarıyam. Amma bir halda ki, qurultay keçiriləcək, o zaman Mətbuat Şurasının idarə heyəti tamamilə yenilənsin, ora gənclər seçilsin, uzun illərdir gözümüzü mazol edən oliqarx-jurnalistlər, büdcə oğruları oradan kənarlaşdırılsın. Korrupsiyaya, rüşvətə bulaşmış, ölçüsüz siyasi oyunların ən çılpaq obrazlarının Şuradan kənarlaşdırılması yaxşı hal olardı. Gənclər önə çəkilsin, başqa alternativ yoxdur. Ölkə mediasında sağlam düşüncəyə malik gənc, cəsarətli, hamının etimad göstərə biləcəyi və istedadlı jurnalistlərimiz var”.

//Gülnarə Abasova, Editor.az