Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxması ilə bağlı qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib.
“Reuters” xəbər verir ki, BCM-dən çıxmaq haqqında qanun layihəsini 134 parlamentari dəstəkləyib, 37 deputat isə əleyhinə səs verib. Çıxarma haqqında qərar BMT Baş Katibinin yazılı bildiriş almasından bir il sonra qüvvəyə minir.
Qeyd edək ki, Macarıstan hökuməti qanun layihəsini aprelin 3-də parlamentə təqdim edib. Sənədi təqdim edən Macarıstanın xarici işlər naziri Peter Szijarto BCM-nin çox siyasiləşdiyi və müxtəlif ölkələrin beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün ondan istifadə etdiyi barədə fikir bildirib.
Beynəlxalq məhkəmənin İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verdikdən sonra Macarıstan hakimiyyəti BCM-dən çıxmaq qərarı verib.
Macarıstan hesab edir ki, BCM “yalnız özünü deyil, bütün beynəlxalq sistemi gözdən salıb”. Elə həmin ay cənab Netanyahu həbs qərarına məhəl qoymadan Macarıstana səfər edib.
//Samir Qurbanov, Editor.az