Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARIbackend

Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elçibəyin bağışladığı evə görə “qırğın düşüb”

Dünya futbolunda ulduz olanların çoxu qalmaqallı hadisələrlə də gündəmi zəbt etməyi bacarır. Bizdə də belədi. Düzdü, Azərbaycanda dünya səviyyəli futbol ulduzu yoxdu. Amma onlara çatmaq, oxşamaq istəyənlər var. Bunlardan biri də Mahir Emrelidi. Adam nəsə etməsə belə, qalmaqala səbəb olur. Bayram günlərində “Konyaspor”un futbolçusunun adı iki problemlə yanaşı hallandı. Əvvəlcə başlayaq sonuncudan. Mahir millimizə Avstriya və İsveçlə oyunlarda kömək edə bilmədi. Çoxları dedi ki, forvard özü bilərəkdən yığmanın düşərgəsinə qoşulmayıb. Lakin komandanın baş məşqçisi Canni de Byazi Avstriya ilə qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında qaranlıq məqamlara belə aydınlıq gətirdi:

“Mahir Emreli bizimlə bir gün məşq etdi. Onun fiziki problemləri oldu. 10-15 gün məşq edə bilməyəcək”.

Beləliklə, bu açıqlama ilə hər şey bəlli oldu. Mahir Emreli həqiqətən də Azərbaycana gəlib və məşqdə zədələndiyinə görə düşərgədən ayrılmaq məcburiyyətində qalıb. İtaliyalı mütəxəssisin söylədiyi kimi, 10-15 günə bərpa olunacaq. İndi bəziləri bu məsələni çox şişirdir ki, 25 yaşlı hücumçu Türkiyə superliqasının növbəti turunda “Ümraniyəspor”la oyunda meydanda olmaq üçün yığmanın düşərgəsindən ayrılıb. Bir çoxları da qeyd edir ki, İsveçlə qarşılaşmaya kimi zədəsini sağalda bilərdi. Lakin millinin həkimləri De Byaziyə raport təqdim edib, mütəxəssis də buna uyğun olaraq açıqlama verib ki, Mahir 10-15 gün məşq edə bilməyəcək. Yəni zədəsini bu vaxt kimi tam sağaldacaq. Bu da martın 28-nə, ən geci isə aprelin 1-nə düşür. Yəni bu müddət ərzində Mahir Emreli tam sağala bilər. “Konyaspor”un baş məşqçisi ehtiyac duyacağı halda “Ümraniyəspor”la qarşılaşmada meydana çıxa bilər. Adam zədəli-zədəli meydana çıxmalı idi? Bu nə məntiqdi?

Gələk digər qalmaqallı məsələyə. Bir müddət öncə yerli saytlarda xəbər çıxdı ki, Mahir Emrelinin nənəsi Mahirə Quliyeva futbolçunu və bacısı Aişəni məhkəməyə verib. İnformasiya, demək olar ki, hər yerdə tirajlandı. Lakin sonradan həmin xəbər bir çox saytdan çıxarıldı. Bu məsələ ilə bağlı redaksiyamıza olduqca ilginc məlumatlar daxil olub. Sən demə, məsələ heç də təqdim olunan kimi deyilmiş. Öncədən qeyd edək ki, Mahirə Quliyeva fevralda dünyasını dəyişib. Mahir və Aişə atasından imtina edəndən sonra qeyd olunan mənzildə yaşamayıblar. Onların adına olan bağlamalar, ödəmə qəbzləri Mahirə Quliyevaya məxsus evin ünvanına gəlirmiş. Bunu da qeyd edək ki, həmin mənzil ölkə elmi qarşısında göstərdiyi xidmətlərə görə Mahirə Quliyevaya mərhum sabiq prezident Əbülfəz Elçibəy tərəfindən verilib. Yuxarıda göstərilən səbəblərdən xanım Quliyeva Mahirlə Aişənin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində icraatdadı. Lakin Mahirə Quliyeva vəfat etdiyindən son qərar verilməyib. Bundan öncə isə daha maraqlı hadisələr baş verib. Belə ki, Aişə və Mahir Emrelilər adından mülk iddiası ilə məhkəməyə müraciət olunub. Yəni nəvələr nənədən şikayətçi olub. Kəsəsi, əməlli-başlı Braziliya və ya Türkiyə serialı. “Səhrada məhəbbət” və “Yaprak dökümü” kimi bilinən ekran əsərlərinin yeni versiyası bu şəxslərin həyatında yaşanır.

Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI

Məsələnin hüquqi tərəfləri bizlik deyil. Amma gəlin, mənəvi məqamlardan danışaq. Yuxarıda qeyd etdiyimiz kimi, Mahirə Quliyeva yaxınlarda rəhmətə gedib. Görəsən, onun 40-ı çıxandan sonra bu cür xəbərlərin ortaya çıxması kimə sərf edir? Ümumiyyətlə, nə üçün ictimaiyyətə bu haqda məlumat verilib? Bununla da bağlı redaksiyamıza informasiya daxil olub. Sən demə, Mahir Emreli nənəsi ölən zaman atası ilə əlaqə saxlayaraq başsağlığı verib. Bundan isə narahat olan şəxs və şəxslər olub. Bu səbəbdən də qeyd etdiyimiz informasiya mediaya sızdırılıb. Əldə etdiyimiz məlumata görə, ümumiyyətlə, Mahir Emrelinin bu məhkəmə işindən və nənəsindən şikayətçi olmasından xəbəri yoxdu. Bir sözlə, atasının oğlu ilə yaxınlaşmasından narahat olan şəxslər yenə aranı qatmaq istəyirlər. Təqdim etdiyimiz fotoda diqqətimizi çəkən bir məqam da var. Futbolçunun tam adı sənəddə belə qeyd olunub – Mahir Emreli Mahir oğlu. Yəqin ki, bu, dünya tarixində bir ilkdi. Çünki indiyə kimi özünü oğulluğa götürən biri haqda nə eşitmişik, nə də duymuşuq. Dünya halıdı, hər şey ola bilər.

Məsələ ilə bağlı Anar Mədətovla əlaqə saxlamağa çalışdıq. Lakin adı çəkilən şəxs ölkə xaricində olduğundan onunla danışmaq mümkün olmadı. Amma növbəti sayımızda yenidən mövzuya qayıtmağa çalışacağıq. Təbii ki, qarşı tərəf danışmaq istəyində olsa…

Mənbə: football-plus.az