Mahmudov bandasının üzvü məhkəmə binası önündə zərərçəkəni hədələdibackend

Mahmudov bandasının üzvü məhkəmə binası önündə zərərçəkəni hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin şöbə rəisi olmuş polkovnik Vüsal Ələkbərov onun əməllərindən zərər çəkənlərdən birini məhkəmə binası qarşısında hədələyib. Habelə ona xəbərdarlıq edib ki, Mövlam Şıxəliyevi, yəni həmin idarənin rəisi olmuş generalı həbsdən buraxacaqlar. Bu epizod Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və digərlərinin işi üzrə Bakı Hərbi Məhkəməsində keçirilən proses zamanı baş verib.

Editor.az virtualaz.org-a istinadən bildirir ki, məhkəmə prosesi açıq keçirilsə də mətbuat nümayəndələrinin iştirakına bu dəfə də icazə verilməyib. Jurnalistlərin məhkəmə zalına hansı səbəbdən buraxılmamasına heç bir səbəb göstərilməyib. Sadəcə “hakimin göstərişi belədir” deməklə kifayətləniblər.

Təkcə mətbuat nümayəndələri deyil, cinayət işi üzrə zərərçəkmiş Nizami Kazımovun vəkili Elçin Sadıqov da hakimin göstərişi ilə bugünkü məhkəmə iclasına buraxılmayıb. Buna səbəb vəkilin telefonları və noutbuku təhvil verməsi tələbi olub.

Vəkil E.Sadıqov jurnalistlərə bildirib ki, bundan əvvəlki məhkəmə iclasında da hakim telefonları təhvil verməsi barədə ona göstəriş verib: “Qanunsuz olaraq həmin iclasda mənim telefonlarım əlimdən alındı. Hakimin bu hərəkəti tamamilə qanunsuz bir haldır. Bununla bağlı həm Vəkillər Kollegiyasına, həm də Məhkəmə Hüquq Şurasına müraciət etmişəm. Mən şikayət edəndən sonra hakim də mənim barəmdə Vəkillər Kollegiyasına şikayət edib. Məni bu işdə çəkindirməyə çalışır. Bugünkü iclasa da məni qanunsuz olaraq buraxmadılar. Kompüteri içəri keçirməyin qadağan olunduğunu bildirdilər. Etirazımı bildirdikdə isə məhkəmə iclasına buraxmadılar”.

Vəkil deyir ki, ölkədə artıq elektron məhkəmə sistemi tətbiq olunur. Kağız daşıyıcı əşyaların da daşınmasına heç bir ehtiyac qalmır: “Bu cinayət işi 30 cilddir. Bunca sənədi aparmaq mümkün deyil. Hakimin bu hərəkəti elektron məhkəmə sistemindən istifadəni tamamilə məhdudlaşdırır”.

Həmin cinayət işi üzrə 32 nəfər zərərçəkmişdən biri olan Hüseyn Səfərov isə məhkəmə önündə jurnalistlərə bildirib ki, keçmiş MTN-nin içərisindəki cinayətkar dəstə ilə bağlı dəfələrlə aidiyyatı orqanlara müraciət edib: “Mövlam Şıxəliyev rəhbər vəzifədə olanda başına topladığı cinayətkar dəstəsi ilə birgə mənim kimi vətəndaşların başına müsibətlər gətirib. Hədə-qorxu yolu ilə 32 vətəndaşdan 20 milyon pulu quldurluq yolu ilə ələ keçiriblər. Əgər istintaq obyektiv aparılsaydı bu gün zərərçəkmişlərin sayı dəfələrlə artıq olardı, 200 milyon manatı belə aşardı”.

 

İş adamı H.Səfərov deyib ki, heç bir səbəb olmadan 2008-ci ildə qondarma istintaqa cəlb edilib: “Bu adamlar mənin 2 milyon dollarımı alıblar. Özlərindən uydurduqları cinayət işinə xitam veriblər. Bu cinayəti təkcə mənə qarşı deyil, yüzlərlə iş adamlarına, sahibkarlara qarşı ediblər. Bizə qarşı cinayət törədənlərdən yalnız Mövlam Şıxəliyev həbsdədir. Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov isə həbs edilməyiblər”.

Zərərçəkmiş hazırda zamində olan MTN-nin İstintaq İdarəsinin 2-ci şöbəsinin sabiq rəisi, polkovnik Vüsal Ələkbərovun məhkəmə binası qarşısında ona hədə-qorxu gəldiyini  də deyib: “Mənə məhkəmədə necə danışmağımla bağlı göstərişlər verir. Deyir, mənə heç kim heç nə edə bilməz, özünüzü yorub bizdən şikayətlər etməyin, məni azad etdikləri kimi Mövlam müəllimi də azad edəcəklər. Deyir ki, Mövlam müəllim vəzifəli şəxsin himayəsindədir. Bu adamlar özlərinə çox arxayındırlar. Özümüzü girov götürüb malımızı əlimizdən alıblar. Canımız qalıb, onu da əlimizdən alacaq qədər özlərini arxayın aparırlar”.

H.Səfərov Eldar Mahmudovun, keçmiş Baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubovun məhkəməyə çağırılması barədə vəsatət hazırladığını deyib: “Vəsatəti sonuncu iclasda hakimə təqdim etmişəm. Yəqin ki, müzakirə olunacaq. Baş Prokurorluq Mövlam Şıxəliyev və digər şəxslərin qanunsuz hərəkətlərinə qarşı çıxsaydılar, bu gün də belə hadisələr olmazdı”.

Xatırladaq ki, Mövlam Şıxəliyev ötən ilin dekabrında həbs olunub. O və iş üzrə digər fiqurantlar hədə-qorxu, şantaj və təhdid yolu ilə başqasına aid əmlakı talamaqda, onlardan milyonlarla dollar pul almaqda və digər çoxsaylı cinayət əməllərində ittiham olunurlar.