Makron məğlub oldu, NATO Bakı ilə sıx əməkdaşlıq istəyirbackend

Makron məğlub oldu, NATO Bakı ilə sıx əməkdaşlıq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və NATO ilə Azərbaycan arasında əlaqələrdə durğunluğun yaranması, hətta ciddi problemlərin formalaşması ilə bağlı iddiaların məntiqi əsasları yoxdur.

Təbii, münsibətlərdə problemlər var və onlar az deyil. Xüsusilə də Cənubi Qafqaz regionundakı proseslər, həmin proseslərdə ölkəmizin yeri, rəsmi Bakının tələbləri və şərtləri ilə bağlı Vaşinqtonla Brüsselin gündəmə fərqli yanaşmaları mövcuddur.

Buna rəğmən, Birləşmiş Ştatlar və Şimali Atlantika Alyansı üçün Azərbaycanla əlaqələr ciddi əhəmiyyət kəsb edir.

“Cənubi Qafqazda sülh region xalqları, Qara dəniz regionu, ümumilikdə isə Transatlantik təhlükəsizlik üçün vacibdir. Biz tərəflər arasında sülh prosesini təşviq edir və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik”.

Dünən Bakıya rəsmi səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberq belə deyib.

Onun sözlərinə görə, müzakirə etdiyi məsələlər arasında enerji təhlükəsizliyi ilə bağlı məqamlar da olub.

Enerjinin Şimali Atlantika Alyansı ölkələrinin təhlükəsizliyi baxımından əlahiddə önəm kəsb etdiyini vurğulayan Y.Stoltenberq “Azərbaycanın bəzi NATO müttəfiqləri ilə yaxın enerji əlaqələrini inkişaf etdirməsini alqışlayıram” söyləyib.

Onun sözlərinə görə, Avropa İttifaqının və NATO-nun üzvü olan bir sıra ölkələri xam neft, habelə təbii qazla təmin edən Azərbaycan alternativ enerjinin – külək və günəşin inkişafına fəal şəkildə sərmayə qoyur ki, bu da enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə üçün vacibdir.

NATO-nun baş katibi kimi ilk dəfə Bakıda olmuş Yens Stoltenberq Azərbaycanı tanıyır. O, 1990-cı illərdə Norveçin energetika naziri postunda çalışanda Bakıya bir neçə dəfə səfərlər etmiş, danışıqlar aparmış, görüşlər keçirmişdi.

Norveçli siyasətçi Azərbaycanın bölgəldəki rolunu sadəcə, karbohidrogen resursları baxımından dəyərləndirməyib və indi də eyni mövqedədir: Stoltenberq Avropa İttifaqının, həmçinin NATO-nun enerji təhlükəsizliyi ilə yanaşı, “qoca qitə” ölkələrinin geosiyasi təhlükəsizliyinin və xüsusioə də geostrateji mənafelərinin təminatı baxımından ölkəmizin tutduğu yeri, bundan sonra oynaya biləcəyi rolu anlayır.

Bakı və İrəvan arasında yekun sülh sazişinin imzalanmasının mümkün qədər tez reallaşması üçün prosesin aktivləşdirilməsində maraqlı olan NATO-nun bölgə ilə bağlı planları sirr deyil.

NATO Rusiyanın maksimal dərəcədə geniş miqyasda və sürətlə Cənubi Qafqazı tərk etməsində maraqlıdır.

Brüssellə Bakının 30 illik tarixə malik tərəfdaşlığı indi aktiv fazadıdır. Ermənistanla şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, Zəngəzur nəqliyat dəhlizinin yaradılması, kommunikasiyaların bərpası, habelə sülh sazişinin imzalanması və dövlətlərarası münasibətlərin yaradılması istiqamətində fəal danışıqlar aparılır.

Bakı və İrəvan arasında birbaşa, vasitəçilərsiz aparılan danışıqlar yaxşı perspektivə malikdir.

NATO bölgədə sülhün və stabilliyin mümkün qədər tez bərpa olunmasında maraqlı olduğunu bəyan edir: Y.Stoltenberq Bakıda olarkən bunu bir daha vurğuladı.

Amma sülh və stabillik anlayışları region ölkələri ilə kənar oyunçular, o cümlədən ABŞ və NATO üçün fərqli mənalar daşıyır.

Fransa barədə bəhs etməyə dəyməz: Avropa İttifaqında və NATO-nun Avropa hissəsində geosiyasi liderlik istəyində olan Paris üçün Cənubi Qafqaz sadəcə, Ermənistan vasitəsilə Rusiyanı bölgədə zəiflətmək, Türkiyənin mövqelərini sarsıtmaq planlarının reallaşdırılması nəzərdə tutulan məkandır.

“Cənubi Qafqaz regionunda sülh çox vacibdir və indi Azərbaycanın onu bərqərar etmək imkanı var. Azərbaycanın sülhü bərqərar etmək imkanı var” söyləyən Y.Stoltenberq də məhz stabiliyin NATO variasiyasını dəstəklədiyini nəzəər çatdırıb.

Bu variant isə Fransanın, ABŞ-ın, Rusiyanın, İranın və Türkiyənin maraqlarından kənarda olan variantdır.

İran bölgədə təsir imkanlarını artırmaq, Azərbaycanla iqtisadi, Ermənistanla siyasi müstəvidə nisbətən aktiv əlaqələrin inkişafını, Rusiyanın kollektiv Qərbin antoqonisti qismində bölgədə qalmasını, Türkiyənin Cənubi Qafqazda ümumiyyətlə, olmamasını istəyir.

Rusiya bölgədəki mövqelərini qorumaqla yanaşı, daha da genişləndirmək, Azərbaycanla əlaqələri daha da intensivləşdirmək və Ermənistanın onun təsir orbitindən çıxmaması üçün hər heyi etmək, Türkiyə və İranla razılaşdırılmış geosiyasi pay bölgüsünü reallaşdırmaq, NATO və ABŞ-ı, həmçinin Avropa İttifaqını regiondan uzaqlaşdırmaq istəyir.

Yunanıstan, Belçika, Kipr və s. ölkələrlə kooptasiya formasında Cənubi Qafqazda yerini möhkəmləndirmək, Afrikada Rusiyanın fəaliyyəti nəticəsində məruz qaldığı mövqe itkilərinin intiqamını Cənubi Qafqazda Moskvadan artıqlaması ilə almaq, Ermənistanı tam idarə olunan koloniya halına salmaq, Azərabaycana mümkün qədər ağır təzyiqlər etməyə can atan Fransa regional proseslərdə maksimum risk yaradan əsas oyunçudur.

Fransa və Avropa İttifaqını bölgədəki aktivliyini diqqətlə izləyən, Rusiya və İranın fəallaşmasının qarşısını alaraq onların mövqelərinin maksimal dərəcədə zəiflədilməsi üçün arsenalındakı bütün vasitələri işə salmış ABŞ mövcud şəraitdə salh sazişində ən maraqlı oyunçulardan biridir. Birləşmiş Ştatlar bölgədə stabilliyin bərqərarına nail olmaqla Cənubi Qafqazdı birmənalı olaraq Qərbə meylli məkana döndərməyi nəzərdə tutan ssenarini reallaşdırır.

Baş verən hadisələrin məcrasında Türkiyə bütün hallarda Azərbaycanın strateji tərəfdaşı və müttəfiqidir. Bakının maraqlarının ziddinə ola və ya sayıla biləcək heç bir variantı, hadisələrin hansısa inkişaf məcrasını Ankara birmənalı olaraq qəbul etməyib, etməyəcək də.

NATO ölkəsi olan Türkiyənin istəyi bölgədə əmin-amanlıq, regional əməkdaşlıq, kommunikasiyaların bərpası, yeni marşrutların işə salınması və bölgədən çox kənardakı ölkələrin destruktiv fəaliyyətlərinin qarşısının effektiv şəkildə alınmasıdır.

Şimali Atlantika Alyansı üçünr optimal olan variant isə onun Cənubi Qafqazın üç ölkəsinin üçü ilə də hərbi-siyasi tərəfdaşlığı sürətlə aktivləşdirməkdir.

Təbii, indiki situasiyada belə planın gerçəkləşdirmək həddən ziyadə çətin məsələ təsir bağışlamasına rəğmən, Brüssel qismən də olsa, planını həyata keçirməkdədir.

NATO-nun bütün kollektiv strukturları və üzv ölkələrin müdafiə nazirlikləri Fransa-Almaniya duetinin liderliyi ilə regionumuzdan Rusiyanı sıxışdırıb çıxarmaq üçün inadla çalışırlar.

Hazırda bölgə ölkələri arasında NATO strukturlarına ən çox və ən sürətlə inteqrasiya edən ölkə Gürcüstandır. Yens Stoltenberq də Gürcüstanı “Şimali Atlantika Alyansına üzv olmağa can atan ölkə” adlandırıb.

Almaniyanın baş naziri Olaf Şolts da NATO vasitəsilə Cənubi Qafqazda Berlinin maraqlarının təminatını effektiv vasitə hesab edir. Amma Şimali Atlantika Alyansı regionda məqsədlərinə mane olmaq üçün çox ciddi problemləri həll etməlidir.

Ermənistan NATO il əlaqələri Rusiyaya təsir etmək və Moskva ilə manipulyasiya etmək vasitəsi hesab edir.

Bakı isə NATO ilə ifrat sıx əlaqələrdə maraqlı deyil, çünki belədə ölkəmizin İsrail, Rusiya və Pakistanla hərbi-texniki əməkdaşlığında bəlli risklər yarana bilər.

Yens Stoltenberqin səfərinin hədəfləri arasında İran və Rusiya arasındakı əlaqələrin də yer aldığını unutmayaq. Ukraynada hərbi əməliyyatlar aparan Rusiyaya hərbi texnika, amunisiya və sursat satan ölkələr arasında İran da var: yüklər “Şimal-Cənub” nəqliyyat dəhlihi ilə daşınır və İrandan Rusiyaya çatdırılır.

Rusiyanın önəmli nəqliyyat marşrutlarının və obyektlərinin hamısının Ukrayna tərəfindən “legitim hərbi hədəf” elan edildiyini xatırlasaq, Ukrayna PUA-ları İran-Rusiya daşımalarında nəqliyyat qovşağı rolunu oynayan Həştərxana da zərbələr endirə bilər.

NATO üçünsə “Şimal-Cənub” marşurutu ilə daşınmalar, həmçinin bölgə ilə bağlı kəşfiyyat-texniki məlumatlar, sərhədlərin monitorinqi və kiberməkanla bağlı informasiyalar gərəkdir.

NATO-nun istəkləri arasında Xəzərdə hava hücumundan müdafiə üçün ümumi informasiya şəbəkəsinin yaradılması da var.

Fəqət, Bakı tələsmir.

Çünki xarici siyasətdə çoxistiqamətli fəaliyyət prinsiplərinin yumşalması Ukraynadakı hərbi əməliyyatlarla bağlı Qərbdəki gərginliyin mütləq şəkildə Cənubi Qafqaza inikasına səbəb olacaq.

Cənubi Qafqazda problemlər zatən yetərincədir.

Regional problemlərin öhdəsindən isə Azərbaycan özü gələ bilər…

TREND