“Fransa Cənubi Qafqazda aktivləşib. Məlum olduğu kimi iyul ayında Gürcüstanda Frankofoniya təşkilatının tədbiri keçirildi. Bu təşkilat vaxtilə Fransanın müstəmləkəsində olan ölkələrin birliyidir. Gürcüstan heç vaxt Fransanın müstəmləkəsi olmadığı halda bu tədbir orada keçirilib. Bu, Fransanın artan iştahından xəbər verir “.
Bunu Editor.az-a politoloq Əhəd Məmmədli rusiyalı politoloq Sergey Markovun “Paşinyan-Makron planı Üçüncü Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti ilə İrəvanı Rusiyadan tamamilə qoparmaqdır”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan Fransanı öz “bacısı” hesab edir və burada fəaliyyəti güclənib: “Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, sosial şəbəkədə paylaşılan Xankəndidə çəkilmiş görüntüyə nəzər saldıqda görürük ki, uşaq əlində Fransa bayrağını tutub. Bu da bir mesajdır ki, ruslar nə qədər erməniləri qorumağa çalışsa da onlar Fransanı özlərinə yaxın hesab edirlər. Erməni xisləti bir daha aydın olur. Eyni zamanda, dünən Rusiya səfirliyi qarşısında da erməni aksiyaları baş tutdu, Putin təhqir edildi. Bütün bunlar Rusiyanın diqqətinə yetirilməli, Qarabağdakı zəhər yuvasını Azərbaycan məhv etməlidir”.
Politoloqun sözlərinə görə, rəsmi İrəvanın Rusiyadan uzaqlaşması istiqamətində də proses gedir: “Ermənistan baş naziri Nikol Paşinyan açıq şəkildə bu prosesin başladığı ilə bağlı mesajlar verir. Rusiya isə bunu görməzdən gəlir. Ermənistanın əvəzində başqa bir ölkə eyni addımı atsaydı, rəsmi Moskva çoxdan hərbi çevriliş etmişdi. Lakin görünən odur ki, Rusiya Ermənistana qarşı çox dözümlü yanaşır. Hələlik Ermənistanı Rusiyadan tamamilə qopartmaq real görünmür. Çünki Gümrüdə hərbi bazanın və Qarabağda rus sülhməramlılarının olması Ermənistana təsir riçaqıdır “.
//Safura Bənnayeva, Editor.az