“Uzun müddətdir ki, Ermənistanın baş naziri kimi fəaliyyət göstərən Nikol Paşinyan özünün cəfəngiyat fikirləri, qeyri-stabil siyasəti ilə həm daxili, həm də xarici siyasətdə uğursuzluq əldə edərək adını “tarix”ə yazıb. O, bu gün söylədiyi fikirləri sabah rahatlıqla təkzib edə bilir”.
Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov iyulun 6-da Ermənistan hökumətinin iclasında baş naziri Nikol Paşinyanın yenə Azərbaycan əleyhinə fikirlər səsləndirməsinə və ölkəmizi Fransaya qarşı antitəbliğata başlamaqda günahlandırmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın bu tipli fikirlərini qeyri-adi qəbul etmək lazım deyil: “O, nə qədər sülhdən danışıb bununla bağlı bəyanatlar versə də bir neçə saat sonra müharibədən bəhs edə bilər. Azərbaycanın Fransanı hədəfə alması ilə bağlı səsləndirdiyi fikirlər isə gülüncdür. Məlumdur ki, Fransa və Ermənistan “bacıları” işğal məsələlərini dəstəkləyib, beynəlxalq hüquqa zidd fikirlər söyləyirlər. Azərbaycanın sülh gündəliyini masaya çıxartması, 5 baza prinsipi təqdim etməsinə baxmayaraq sülh müqaviləsinin imzalanması hələ də Ermənistan tərəfindən bu və ya digər formada ləngidilir. Bu sülh rəsmi Bakı ilə yanaşı İrəvana da lazımdır. Ermənistan bunu anlamalı və konkret, rasional siyasət həyata keçirməlidir”.
//Safura Bənnayeva, Editor.az

