Manaf Ağayev niyə üzr istəmədi? – Açıqlamabackend

Manaf Ağayev niyə üzr istəmədi? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Daxili İşlər Nazirliyinin (DİN) üzr videoları yerli mətbuatda və sosial şəbəkələrdə gündəmə çevrilib. Belə ki, DİN əməkdaşları hər hansı inzibati xəta törətmiş şəxsin polis bölməsində etdiyi əmələ görə üzr uistədiyi videonu çəkib ictimaiyyətə yayır. Bir qrup insan bu hərəkəti alqışlasa da, insanların digər bir qrupu bunu qınayır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, heç kimin etdiyi hərəkətə görə məcbur videosu çəkilib yayıla bilməz, bu qanuni deyil:

“Üzr videolarının yayılması mənfi haldır. Çünki hər kəsə aydındır ki, həmin videolar məcburiyyət, təhdid, məsuliyyətə cəlb olunma hədəsi qarşısında çəkilir. Halbuki, əslində həmin məsələ ilə bağlı araşdırma aparılmayıb, həmin şəxsin doğurdan da günahkar olub-olmadığı məlum olmadığı halda məcbur edirlər ki, üzr istəsin. Güman edirəm ki, bu videolar, ümumiyyətlə, cəmiyyəti hədə metodudur. Bu insanlara bir mesajdır ki, “Sən sabah bu kimi addımlar atanda səni də belə çıxarıb biabır edəcəyik”. Bu insanları alçatmaq, onların ləyaqətinə toxunmaqdır, çünki onların ailələri, qohumları, qonşuları, dostları var. Təsəvvür edin, onları bu cür göstərib videolarını yaydıqda ailələri nə vəziyyətdə olur. Hesab edirəm ki, bu düzgün olmayan addımdır”.

Hüquqşünas qeyd edib ki, hər hansı şəxsin üzərinə üzr istəmək öhdəliyi yalnız məhkəmə tərəfindən qoyula bilər: “Bəzən görürsən ki, məhkəmə qərarı ilə üzr istəmə olur. Bu, məhkəmənin qərarıdır və bu halda kimsə qarşı tərəfi təhqir edibsə, ondan üzr istəyir. Bu olar”.

Onun sözlərinə görə, müğənni Manaf Ağayevdən də üzr istənilməsini tələb etmək qanunsuzdur və inzibati qaydada cəza alan şəxsi heç kim məcbur edə bilməz ki, etdiyi əmələ görə üzr istəsin:

“Manaf Ağayevin də üzr videosunun yayılmasının istənilməsi özü düz deyil. Onu da üzr istəməyə məcbur etmək ikiqat cəzadır. Çünki müğənniyə qarşı həm hüquqi müstəvidə 15 sutka sutka inzibati həbs cəzası tətbiq edilib, həm də tələb edirlər ki, üzr istəsin. Nəyə görə üzr istəsin? O bu hərəkəti edib və cəzasını alıb. Heç kimin ağlına gəlmir ki, oğrudan tələb etsin ki, üzr istə, yaxud başqalarından tələb etsin ki, çıx televiziyadan üzr istə. Bunlar hüquqdan kənar olan addımlardır. Bu heç düzgün deyil və insan ləyaqətini alçaldan tədbirdir. Biz cəmiyyət olaraq buna qarşı olmalıyıq. O cümlədən də media bunu çatdırmalır. Əgər bir insanın təqsiri varsa, ona qarşı hüquqi tədbir görülməlidir”.