“Manatlıq” taksilər tarixə qovuşur: “Rəqabət olsa, qiymət bəlkə də düşər”backend

“Manatlıq” taksilər tarixə qovuşur: “Rəqabət olsa, qiymət bəlkə də düşər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin ölkədə istehsal tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəyi ilə bağlı qərarı bu gündən qüvvəyə mindi. Qanun bu gün qüvvəyə minsə də, artıq bir neçə gündür Bakıdan Sumqayıt və Abşeron istiqamətinə sərnişindaşıma ilə məşğul olan sürücülər qiymətləri qaldırıblar.

Vətəndaşlar deyir ki, əvvəl olduğu qədər taksi tapa bilmirlər, tapdıqları taksilər isə Bakıdan-Sumqayıta 2 və ya 2,5 manata sərnişin apardıqlarını deyirlər.

Sumqayıt istiqamətində sərnişindaşıma xidmətindən daima istifadə edən K.Cəfərov qeyd edir ki, ötən gün axşam saatlarında paytaxtın “20 Yanvar” dairəsində Sumqayıt şəhərinə taksi tapa bilməyib:

“Ümumiyyətlə “manatlıq taksi” deyə vurğulanan bu xidməti adi sürücülər həyata keçirir. Yəni, bu yolu onsuzda evinə gedən insanlar yanacaq pulunu çıxartmaq üçün yolüstü sərnişin götürürlər. Amma təəssüf ki, həm yeni qaydalar, həm də yanacaq qiymətlərinin tənzimlənməsi bizi də çətin vəziyyətə salıb. Axşam saat 18:00-dan sonra bu ərazidə o qədər insan olur ki, maşınlar yer tapmır saxlamağa. Hətta avtobus belə dayanacağa girə bilmir. Lakin maşınlar adambaşına 2 manatdan aşağı aparmır. Saatlarla gözləyirik ki, bir insaflı sürücü çıxsın, minək, evimizə gedək”.

Səməd Vurğun bağının ətrafından Hövsan qəsəbəsinə sərnişin aparan minik avtomobillərində də vəziyyət eynidir. Mikroavtobuslar sərnişinləri 1,50 manata (əvvəl 1 manat idi), fərdi avtomobillər isə 2 manata, bəzən hətta 3 manata da aparırlar.

Redaksiyamıza müraciət edən sərnişinlərdən biri qeyd edir ki, işdən evə gedərkən çətinlik çəkirlər:

“Metroda sıxlıqdan danışılası deyil. Güc-bəla ilə metronun “28 May” stansiyasına gəlib çatırıq. Səməd Vurğun bağının yanından evimizə getməyə maşın tapmırıq. Yanacaq qiymətləri yeni qalxıb, dünənə qədər 1 manata gedilən yolda nə ciddi dəyişiklik oldu axı? Bir az insaf da yaxşı şeydir. Heç olmasa 1,5 manata aparın, 2 manat, 3 manat nə deməkdir? Bir ailədən iki nəfər Hövsandan işə gəlib-gedirsə, elə aylıq maaşlarının yarısı yolda qalmalıdır?”

Sosial şəbəkələrdə, bəzi internet resurslarında isə “manatlıq taksilər tarix olub” deyə yazılar paylaşılıb.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyat rentabellə çalışmır:

“Ölkədə ictimai nəqliyyata dövlət dəstəyi olmasa, bu sistem özünü doğrultmayacaq. Müasir tələblərə cavab verən nəqliyyat vasitələri istəyirik. Sahibkarlar da bu avtomobilləri almaq üçün qazanc əldə etməlidirlər. Təbii ki, yeni nəqliyyat vasitələrini çətinliklə əldə etdikləri üçün qiymət artımları bir növ onlara dəstək olacaq. Düzdür, 10 qəpik belə olsa, qiymət artımını insanlar birmənalı qarşılamayacaq. Çünki elə insanlar var ki, gün ərzində 3-4 dəfə ictimai nəqliyyatdan istifadə edir. Bu da şübhəsiz ki bir qrup insanların sosial durumuna təsir edəcək. Amma bu sistemdə qiymət artımı qaçılmazdır, hətta bir sıra hallarda vacibdir”.

Bəs qiymət artımının nə kimi faydalarını görəcəyik?

Ekspert qeyd edib ki, kondisionerli, rahat, səliqəli ictimai nəqliyyat istəyiriksə, qiymətlərin artmasını normal qarşılamalıyıq:

“Bunun bir növ sahibkarlara xeyri olacaq. Müəyyən qədər daşıma şirkətlərinə dəstəkdir. Onların qazancları xeyli aşağıdır. Məsələn, bir avtobusun alınması, baxımı, yağ, yanacağı və digər xərcləri kifayət qədər ciddi rəqəmlər təşkil edir. Paralel olaraq ictimai nəqliyyatda da sərnişin artıq pul ödəyirsə, əlbəttə daha yaxşı xidmətdən istifadə etməlidir. Proseslər təkmilləşdirilməlidir, avtobus zolaqları çoxalmalıdır, yeni avtobuslar alınmalıdır, xüsusilə də bölgələrdə, paytaxtdan kənarda fəaliyyət göstərən avtobuslar mütləq yenilənməlidir. Region və paytaxtətrafı şəhər, qəsəbələrdə vəziyyət heç də ürəkaçan deyil”.

Ekspert taksi fəaliyyəti göstərən sürücülərlə bağlı yeni qüvvəyə minən qaydaların əhali arasında yaratdığı vəziyyət barədə də danışıb:

“Kim taksi fəaliyyəti ilə məşğuldursa, müəyyən edilmiş tələblərə uyğunlaşmalıdır. “Manatlıq taksi” kimi xidmət göstərən nəqliyyat vasitələrinin sürücüləri də bu sistemdən qeydiyyatdan keçməlidirlər. Rəsmi rəqəmlərə görə taksi fəaliyyəti göstərən 70 minə qədər nəqliyyat vasitəsi var idi, amma AYNA yalnız 10 minə qədər nəqliyyat vasitəsinə buraxılış verildiyini açıqlayıb. Təbii ki bu, ümumi nəqliyyat vasitələrinin təxminən 15 faizini təşkil edir. Nəqliyyat vasitələrinin sayının azalması fonunda qiymət artımı gözləniləndir. Bazar qiymətləri tələb-təklif prinsipi ilə idarə edilir. Əgər bazarda tələb çox, təklif azdırsa, qiymət əlbəttə ki artacaq. Odur ki qiymətlərin artımı normaldır. Nəqliyyat vasitəsinin istifadəyə yararlılığını, səliqəlisini, təhlükəsiz nəqliyyat vasitəsi ilə ünvana çatmağı istəyiriksə, bunu qəbul etməliyik. Çünki artıq bütün bunlara tam nəzarətdə olunacaq.

Amma qiymətlərin bu şəkildə artımı ajiotaj yaradıb. Getdikcə rəqabət prinsipi öz yerini tapacaq. Bilirik ki, taksi xidmətində qiyməti bazar tənzimləyir. Gözlənilən odur ki rəqabət mühiti qiymətin normallaşmasına, bəlkə də aşağı düşməsinə təsir edəcək”.