Rusiyanın Ukraynanı işğal etməsinə etiraz olaraq Rusiya dövlət televiziyasında canlı yayımlanan xəbər proqramında “Müharibəyə yox” deyə pankart açan Marina Ovsyannikovadan xəbər var.
Editor.az “Hürriyet”ə qəzetinə istinadən xəbər verir ki, o Almaniyanın “Die Welt” qəzetində işə başlayıb.
Qeyd edək ki, məlum hadisə dünya ictimaiyyətinə böyük təsir etmişdi. Həmin an Ovsyannikova Rusiyada saxlanılıb və 14 saatlıq sorğu-sualdan sonra 30 min rubl qarşılığında sərbəst buraxılmışdı. Saxlanma prosesi zamanı o Birinci Kanaldakı vəzifəsindən istefa verib.
Buna qədər Fransa Prezidenti Emmanuel Makron Ovsyannikovaya siyasi sığınacaq təklif etmişdi. Ancaq Rusiyalı jurnalist bu təklifdən imtina etdiyini açıqlamışdı.
Lakin dünən Almaniyanın aparıcı qəzetlərindən biri olan “Die Welt” Marina Ovsyannikovanın müstəqil müxbir kimi fəaliyyətə başladığını açıqlayıb. Ovsyannikovanın Ukrayna və Rusiya başda olmaqla, dünyanın müxtəlif yerlərindən qəzet və televiziya kanalları üçün müntəzəm reportajlar hazırlayacağı da bildirilib.

