“Ermənistan-Türkiyə münasibətlərində heçnə dəyişməyib. Son günlərdə danışıqların bərpa olunması istiqamətində fikirlər səsləndirilir. Ermənistan körpünün tam bərpası və ikitərəfli keçidin təmin edilməsində maraqlıdır. Lakin hələ ki, bu yöndə siyasi razılaşma yoxdur”.
Bunu Editor.az-a politoloq Natiq Miri iyulun 20-də jurnalistlərlə söhbətində Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyanın “Türkiyə-Ermənistan sərhədində yerləşən Marqara gömrük-keçid məntəqəsində aktiv tikinti işləri aparılır və bu yaxınlarda başa çatdırılacaq”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi İrəvanın istəyi Ermənistan və Türkiyə arasında sərhədlərin tezliklə açılmasıdır:
“Bu da rəsmi İrəvana Avropaya və dənizlərə çıxmaq imkanı tanıyır. Bu məsələlər isə mütləq mənada Azərbaycan və Ermənistan arasındakı münasibətlər sisteminin normallaşmasından keçir. Əks halda 30 illik blokada və sərhədlərin bağlanmasının mənası olmazdı “.
Politoloqun fikrincə, tərəflər arasında yenidən danışıqların başlanması Azərbaycan və Ermənistan arasında yekun sülhün yaxın vaxtlarda imzalanacağından xəbər vermir:
“Çünki bu gün sülh müqaviləsinin imzalanmasının qarşısında duran ən böyük əngəl Qarabağ məsələsidir. Bunda da Ermənistan zərrə qədər güzəştə getmək istəmir. Əvvəl çıxış etdikləri iddiaları təkrarlayırlar. Bu da Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyasına imkan vermir. Qarabağda qanunsuz erməni silahlı birləşmələri, separatçıları mövcuddur. Bu ünsürlər ərazilərimizdən çıxarılmadıqca normal münasibətdən söhbət gedə bilməz. İki ölkə arasında sülh mümkün olmadıqca Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması real görünmür. Rəsmi Ankara heç vaxt buna getməz. Ermənistan nə qədər tez iddialarından, havadarlarının təhrikindən əl çəkib bütün proseslərə real yanaşarsa və problemin Azərbaycanla sülh prosesində, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasında, daxili işlərimizə qarışmaqdan imtina etməkdə, separatçı rejimin buraxılması və Qarabağın erməni icmasının reinteqrasiyasında olduğunu anlayacaqsa, onun üçün təhlükə qalmayacaq. Bu gerçəkliyi anlamamaq mümkün deyil. Lakin məlumdur ki, erməni təfəkkürü fərqli müstəvidə işləyir. Onlardan hər şeyi gözləmək mümkündür “.
//Safura Bənnayeva, Editor.az

