Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? – RƏSMİ CAVABbackend

Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? – RƏSMİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda məktəblərin koronavirusa görə martın 1-dən distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.

Editor.az bildirir ki, bu barədə sosial şəbəkələrdə və “Whatsapp” qruplarında bildirilir. Qeyd edilir ki, məktəblərdə müəllimlər, texniki işçilər və şagirdlər arasında yoluxmalar qeydə alınıb.

Qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin koronavirusa görə fəaliyyətinin müvəqqəti dayandırılması yayılan söz-söhbətin daha da artmasına səbəb olub.

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxlanılıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.

“Məktəblərdə vəziyyət stabildir. Təkcə Nərimanov rayonunda yerləşən məktəbdə yoluxma qeydə alınıb. Bununla bağlı da dünən məlumat yaymışıq”, – deyə Cəsarət Valehov bildirib.

Xatırladaq ki, Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.

Belə ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVİD-19 testi pozitiv çıxıb.

Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.
Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.

İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaqdır.

//baku.ws