Masallı və Cəlilabadda çay daşdı: İnsanların xilasedilmə görüntüləri – YENİLƏNİB + FOTO/VİDEObackend

Masallı və Cəlilabadda çay daşdı: İnsanların xilasedilmə görüntüləri – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı və Cəlilabad rayonlarında baş verən sel və daşqınlarla bağlı məlumat yayıb.

Bununla bağlı FHN-dən məlumat verilib.

Bildirilib ki, 19 mart 2022-ci il tarixində gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub, Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb:

“Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikaları Masallı rayonunun Mollaoba, Bədəlan, Təzə Alvadı, Cəlilabad şəhəri və rayonunun Bəcirəvan kəndində xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə 39 nəfərin təxliyəsi həyata keçirilib. Hazırda əməliyyat davam edir.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək havaların yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyi, o cümlədən daşqın və sel təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir. Həmçinin, xüsusilə dağlıq ərazilərdə müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar həmin ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara müraciət edərək şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik”.

 

10:28

Masallı rayonunun Təzə Alvadı kəndində Alvadı çayı daşıb, bütün kənd suyun altında qalıb.

Bu barədə “Qafqazinfo”ya Masallı Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda kənd əhalisinin təhlükəli ərazidən təxliyəsi həyata keçirilir:

“Kənddən keçən Alvadı çayı daşıb, gecə saat 04:00-dan etibarən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə əhalini təxliyə edirik. Doqquz ailə təxliyə olunub, xilasedicilər növbəti üç ailənin ərazidən çıxarılması üçün işləyir.

Təzə Alvadı 10 min əhalisi olan böyük kənddir. Çay da kəndin içindən keçir və çayın hövzəsində nə qədər ev varsa, hamısına ziyan dəyib. Evlərin eləsi var ki, yarım metr, eləsi var bir metr suyun altında qalıb. İnsanları qayıqlarla evlərdən çıxarırlar”.

İcra nümayəndəsi bildirib ki, kəndə nə qədər ziyanın dəydiyi məlum deyil: “Hələ ki ziyanın həcmi barədə məlumatımız yoxdur. Komissiya olacaq, araşdırılıb kimə nə qədər ziyan dəydiyi müəyyənləşdiriləcək. Eşitdiyimizə görə, bir həyətdə bir heyvan balası ilə tələf olub. Amma hələ ora gedib çıxa bilməmişik. Çoxlu sayda toyuq-cücə tələf olub. Həyətyanı sahələr, əkinlər suyun altında qalıb”.