Maşın alarkən bunlara DİQQƏT edin – Standart alverçi yalanları…backend

Maşın alarkən bunlara DİQQƏT edin – Standart alverçi yalanları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni avtomobillərin qiyməti o qədər bahadır ki, alıcıların çoxu işlənmiş maşın almağa üstünlük verir. İşlənmiş avtomobillərin isə yaxşısını tapmaq biraz çətindir. İkinci əl avtomobil almaq istəyənləri, xüsusən də, bu birinci maşın olacaqsa, ən çox narahat edən məsələ seçimdə aldanmamaqdır. Çünki, bazarda kifayət qədər aşmış, problemli, yürüşü çəkilmiş avtomobil “bezkraska”, “ideal”, “otur sür” adıyla alverçilər tərəfindən təqdim edilir.

Bəs avtomobil alarkən nələrə diqqət etməliyik?

Avtomobil alarkən diaqnostika mütləqdir. Bunun üçün minimum 30 manat lazımdır. Hər bəyəndiyimiz avtomobili yoxlatdırmaq üçün xərc çəkib, sonra da almasaq əlimizdə pul qalmaz. Buna görə də diaqnostikaya ehtiyac olmadan avtomobili özünüz necə yoxlaya biləcəyinizi təqdim edirəm:

– İlk növbədə avtomobilin dövlət qeydiyyat nişanını Google axtarış sisteminə yazın. Bu zaman avtomobilin keçmişində ağır qəzası olubsa və ya kimsə əvvəllər hansı qiymətə satışa çıxarıbsa elan saytlarında görünməsi ehtimalı böyükdür. Lakin, bu zaman hər hansı məlumatın çıxmaması avtomobilin qəzasız olduğu mənasına gəlmir.

– Avtomobilin ön şüşəsində və ya sürücü qapısındakı VİN kodu götürün. Bu kodla avtomobil haqqında bütün məlumatları almaq mümkündür. Bəzən sadəcə kodu Google-a yazaraq avtomobilin əvvəlki halının şəkillərini görmək, nə cür qəzaya düşdüyü, başına nə iş gəldiyini bilmək olur. Əgər bu fotoları görəndən sonra da almağa qərarlısınızsa onda 5 azn ödəniş edərək “Carfax” vasitəsi ilə xarici sığorta bürosundan tam ətraflı məlumat ala bilərsiniz.

– Avtomobilin çölünün və salonununun görünüşünə aldanmayın. Əyləşdikdən sonra mühərriki işə salıb, 1,2 dəqiqə ərzində mühərrikin səsinə qulaq asın. Hər hansı xırıltı, çıkkıltı, qeyri-müntəzəmlik, takkıltı, cüyültü eşitdikdə avtomobilin nə probleminin olduğunu soruşun. Belə səslər gələn mühərrikli avtomobili alsanız sizin üçün çox xərcli ola bilər.

– Avtomobilin sürətlər qutusu ən baha təmir olunan hissələrindən biridir. Ona görə də sürətlər qutusunun yoxlanılması mütləqdir. Bunun üçün sadəcə əyləcə basaraq bir neçə dəfə “D” və “R” rejiminə keçirin, bu zaman avtomobildə arxadan sizi vururmuş kimi hissi versə, o avtomobilin sürətlər qutusunda problem var deməkdir.

– Avtomobil ehtiyat hissələri arasında bahalı olan detallardan biri də kondisionerin kompressorudur. Bu səbəbdən də kondisionerin işləyib-işləməməsini mütləq soruşun, qoşub yoxlayın, kondisoner açıq ikən mühərrikin səsinə yenidən nəzər yetirin. Kondisioner soyuq vurmasa satıcının “yəqin qazı bitib” yalanına aldanmayın.

– Avtomobilin yuxarıda sadalanan hissələrində hər hansı problem yoxdursa, banını nəzərdən keçirin. Faraların birləşdiyi yerlər, qapıların kənarları, təkərlə qanadlar arasındakı məsafə, kapot ilə buferin birləşən yeri, baqajda aşkar zədə izləri gördükdə onu almaqdan çəkinin.

– Avtomobilin lyuku varsa salona su axıdıb-axıtmadığını soruşun, hətta, imkanınız olsa bir butulka su ilə yoxlayın.

– Avtomobilin qeydiyyat şəhadətnaməsindəki nömrələr ilə ban və mühərrik nömrəsini yoxlayın. Mühərrik nömrəsinin olmaması və ya uyğunsuz olması sənədləşmə zamanı sizin üçün problem yarada bilər.

– Yuxarıda sadalanan hissələrlə bağlı hər hansı problem yoxdursa avtomobil ilə test yürüşünə çıxın, sükanı tam sağa və tam sola çevirərək gələn səslərə fikir verin, mümkün qədər nahamar yerlərlə sürün ki, avtomobilin asqı sistemində hər hansı nasazlıq varsa səs ilə özünü aşkar biruzə versin.

– Əyilib avtomobilin altında asqı yaylarına, pasına, çürüyünə, qanadaltıların vəziyyətinə, yağ axıdan yerinin olub-olmamasına baxın.

– Sürücüdən avtomobili niyə satmaq istədiyini soruşun. Şübhəli cavablar verməsi sizi böyük xərclərdən xilas edə bilər.

Bu qeyd etdiklərim üçün hər hansı ödəniş etməyə ehtiyac yoxdur. Sadəcə göz vasitəsi ilə keçirilən baxışla avtomobili alıb-almamaq barədə qərara gələ bilərsiniz. Əgər yuxarıda qeyd edilən yoxlamalardan uğurla keçmiş bəyəndiyiniz avtomobil tapmısınızsa onda xüsusi diaqnostika mərkəzlərinə aparıb ciddi yoxlanışdan keçirməyiniz tövsiyə olunur.

Avtomobilin qəzalı olması, rənglənməsi, mühərrikinin yığılması, dəyişdirilməsi, hər hansı detalının dəyişdirilməsi onun sürüşünə ciddi təsir etmir. Sadəcə olaraq bu kimi işlər görülmüş avtomobillərin bazar qiyməti digərlərindən aşağı olur, alıcı tapmaq çətinləşir. Çalışın əvvəldən diqqətli olun ki, itkiləriniz minimum olsun.

Milli.az