Maska qadağası ləğv edilməlidirmi?- “Ömrümüzün sonuna qədər maska taxmaq…”- Həkim-pulmonoloqdan AÇIQLAMAbackend

Maska qadağası ləğv edilməlidirmi?- “Ömrümüzün sonuna qədər maska taxmaq…”- Həkim-pulmonoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi tələbi ləğv olunur. Lakin bu yumuşaldılmalarla yanaşı, qapalı məkanlarda tibbi maskadan məcburi istifadə qadağası hələ də gündəmdədir. Əhalinin əksəriyyəti artıq yoluxma sayının aşağı düşməsi ilə əlaqədar maskadan istifadə tələbinin ləğv olunmasının tərəfdarı olsa da bəziləri tamamilə yumşaldılmaların yenidən yoluxma sayında artıma səbəb olacağını iddia edir.

Mövzu ilə əlaqədar Editor.az-a danışan həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki, pandemiyaya qarşı mübarizədə dövlətimiz tərəfindən kifayət qədər ciddi tədbirlər həyata keçirilirdi və xeyli maliyyə vəsaiti ayrıldı:

“Məhz buna görə də bu gün koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Bu istiqamətdə görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Hesab edirəm ki, məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan COVİD-19- la mübarizədə dünya ölkələri arasında liderlər siyahısındadır. Azərbaycanda koronavirus artıq bitmiş sayıla bilər. Artıq 20 günə yaxındır ki, xəstə müraciətlərinin, koronavirusa yoluxanlarının sayında ciddi azalma müşahidə olunur. Yoluxma sayının azalması və ölkə əhalisinin böyük əksəriyyətinin hər üç doza vaksin olunması artıq tədbirlərin yumşaldılmasına şərait yaradır. Lakin bütün bu müsbət nəticələrlə yanaşı, biz gündəlik gigiyena qaydalarına əməl etməli, ara məsafəsini qoruyub saxlamalıyıq. Eyni zamanda, virusa qarşı mübarizə tədbirləri də birdən-birə aradan qaldırıla bilməz. Çünki  koronavirus bilinməyən gedişatı qarışıq bir xəstəlikdir. PCR testi tələbi ilə bağlı cəmiyyətdə bur çox narazılıqlar var idi. Bu tələbin aradan qaldırılması müsbət haldır”.

Ə. Beydullayevin sözlərinə görə son 4-5 ayda koronavirusa yoluxanların sayının azalması fonunda əhali arasında arxayınlıq yaranıb:

“Qanuni olaraq qapalı məkanlarda maska qadağası qüvvədə qalsa da  insanlar buna ciddi riayət etmir. Bununla belə saylarda olan azalma artıq maska qadağasının aradan qaldırılması üçün əsas yaradır. Hesab edirəm ki, maskanın aradan qaldırılması yoluxma sayında ciddi bir artımın olmasına gətirib çıxartmayacaq. Koronavirusun növbəti ştammının ortaya çıxıb-çıxmayacağı ilə bağlı hər hansı bir proqnoz vermək çox çətindir. Ancaq bunu əsas tutub ömrümüzün sonuna qədər maskadan istifadə edə bilmərik, maska qadağası ilə yaşaya bilmərik. Tibbi müəssisələrdə, insanların kütləvi şəkildə toplaşdığı yerlərdə, hər hansı qrip kimi xəstəliyi olan insanların maskadan istifadəsi daha doğrudur. Maska bizi xəstəliyin kəskin dövrlərində qorusa da unutmamalıyıq ki, psixologiyamıza ciddi təsir də edir. Davamlı olaraq maskada gəzmək sağlam insanda stress yarada bilər. Bundan əlavə isə bəzi insanlar eyni maskadan  bəzən aylarla istifadə edirlər. Bu da ciddi infeksiya mənbəyidir. Hesab edirəm ki, bu cür faktlar əksinə  xəstəliklərin daha çox yayılmasına gətirib çıxarır”.

//Gülnarə Abasova, Editor.az