Moldovanın hazırkı prezidenti Maya Sandu 55,26%, onun rəqibi keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 44,74% səslə prezident seçkilərinin ikinci turunda liderliyini davam etdirir.
Protokolların 99,55 faizinə baxılaraq səsvermənin ilkin nəticələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında yerləşdirilib.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Stoyanoqlo ölkədaxili prezident seçkilərində seçicilərin 51,19%-nin dəstəyini qazanaraq qalib gəlib. 36 regiondan 19-da birinci yeri tutub. Hazırkı dövlət başçısı respublika üzrə 48,81 faiz səs toplayıb. Eyni zamanda, xanım Sandu protokolların 89,18%-ni emalından sonra ölkə xaricində liderdir. Moldova vətəndaşlarının xaricdə keçirdiyi səsvermənin nəticələrinə əsasən, hazırkı prezident ilkin olaraq 82,33% səs toplayıb. Stoyanoqlo isə xaricdə seçicilərin 17,67%-nin dəstəyini qazanıb.
Əvvəllər özünü prezident seçkilərinin ikinci turunun qalibi elan edən Maia Sandu gələn il keçiriləcək parlament seçkilərinə qədər respublikada korrupsiyaya qarşı mübarizəni gücləndirəcəyini bildirib. O, Aleksandr Stoyanoqloya səs verənlərin də “səsini eşitdiyini” əlavə edib. Xanım Sandu siyasi opponentlərin fikirlərini nəzərə alacağını da deyib.
Moldovada prezident seçkilərinin ikinci turunda seçici fəallığı, ilkin hesablamalara görə, 54,3% təşkil edib.
//Samir Qurbanov, Editor.az