“Mayın 25-də keçirilmiş tarix imtahanı bir daha göstərdi ki, təhsil sistemi özü-özünə qarşı işləyir”- AÇIQLAMAbackend

“Mayın 25-də keçirilmiş tarix imtahanı bir daha göstərdi ki, təhsil sistemi özü-özünə qarşı işləyir”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2025-ci il mayın 25-də keçirilmiş bakalavriat səviyyəsinə qəbul imtahanında tarix fənni üzrə təqdim olunan test tapşırıqlarının yaratdığı narazılıq təhsildə uzun müddətdir davam edən struktur problemlərin daha da kəskin şəkildə üzə çıxmasına səbəb oldu. İmtahanın nəticələri və sosial mediada yayılan ictimai reaksiyalar göstərdi ki, suallar təkcə çətinlik səviyyəsinə görə deyil, eyni zamanda məntiqi quruluş, didaktik uyğunluq və müasir pedaqoji yanaşmalara cavab verməməsi baxımından da ciddi suallar doğurur. Bu vəziyyət, əslində, təhsilin qiymətləndirilməsi sisteminin özünün yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu bir daha təsdiqləyir”.

Bu fikirləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 18.3-cü maddəsinə əsasən, qiymətləndirmə prosesi şagirdlərin təlim nəticələrinin obyektiv, şəffaf və ədalətli şəkildə müəyyənləşdirilməsini təmin etməlidir:

“Lakin hazırkı vəziyyətdə təqdim olunan testlərin çoxu nə obyektivlik, nə də şəffaflıq meyarlarına cavab verir. Təcrübəli müəllimlərin belə çətinliklə cavablandırdığı suallar abituriyentlər üçün əlçatan və öyrədici olmamalıdır. Məktəb kurikulumunun məqsədi şagirdlərə əsas bilik, bacarıq və anlayışları qazandırmaqdır. İmtahanın məqsədi isə bu biliklərin nə dərəcədə mənimsənildiyini yoxlamaqdır. Əgər test sualları bu bilik səviyyəsindən kənara çıxırsa, deməli, həmin qiymətləndirmə tədrisin məqsədləri ilə uyğunlaşmır və sistemli uyğunsuzluq yaranır.

Əldə olan müşahidələrə əsasən, tarix fənni üzrə təqdim olunan testlərdə faktoloji yüklənmiş, çoxsəviyyəli analiz tələb edən, kontekstdənkənar və ya hətta mübahisəli interpretasiyalara açıq suallar üstünlük təşkil edib. Bu, tədris prosesində deyil, yalnız yüksək səviyyəli təlim və əlavə resurslara çıxışı olan abituriyentlərin öhdəsindən gələ biləcəyi sual tipləridir. Belə olan halda, təhsil sistemi bütün şagirdlərə bərabər imkan yaratmaq funksiyasını yerinə yetirmir və yalnız sosial-iqtisadi imkanları yüksək olan qrupların irəliləməsinə şərait yaradır. Bu isə sosial ədalət prinsipinə ziddir.

Təəssüf ki, bu yanaşma şagirdləri məktəbdən deyil, repetitorluq sektorundan keçməyə sövq edir. Faktiki olaraq məktəb təhsili ali məktəbə qəbul üçün kifayət etmir və bu səbəbdən məktəb formal təhsil məkanı, repetitor isə real nəticə gətirən mexanizmə çevrilir. Bu, dövlətin öz təhsil sisteminə olan inamını və səmərəliliyini sual altına alır. Məlumatlara əsasən, 2024-cü ildə 11-ci sinif şagirdlərinin təxminən 70%-dən çoxu paralel olaraq repetitor yanına getmişdir. Bu statistika məktəb təhsilinə etimadsızlığın və sistemin bazarlaşdırılmasının real göstəricisidir”.

K. Əsədov qeyd edib ki, beynəlxalq təcrübəyə nəzər saldıqda, ali təhsilə qəbul imtahanlarının strukturunun öyrədici və formatlaşdırılmış şəkildə qurulduğunu görünür:

“Məsələn, Finlandiyada ali məktəbə qəbul məktəb qiymətləndirməsinə və açıq tipli yazı işlərinə əsaslanır. Yaponiyada suallar daha çox məntiqi və funksional düşüncə üzərində qurulur. Fransada isə bakalavr imtahanları şagirdin analitik və yazılı ifadə bacarıqlarını qiymətləndirir. Bu yanaşmaların hamısında məqsəd şagirdin dərs prosesində əldə etdiyi bilik və bacarıqları ölçməkdir, onu “ələyib” sistemdən çıxarmaq yox.

Daha da narahatedici hal isə budur ki, bu cür qiymətləndirmə siyasəti təhsil sistemində rəqabəti sağlamlaşdırmaq əvəzinə onu dağıdıcı hala gətirir. Əgər təcrübəli müəllimlər belə suallara cavab verə bilmirlərsə, bu, iki şeyi göstərir: ya sual standartlar xaricindədir, ya da qiymətləndirmə sisteminin məqsədi şagirdi yoxlamaq deyil, seçib kənarlaşdırmaqdır. Hər iki halda bu sistemin köklü şəkildə islahata ehtiyacı var.

Tarix kimi humanitar fənlərdə şagirdin faktoloji bilikləri əzbərləməsi yox, hadisələri səbəb-nəticə zəncirində izah etməsi, mətn analizi etməsi və kontekstual düşünməsi əsas olmalıdır. Hazırkı testlər isə şagirdin nə öyrəndiyini deyil, nə qədər detallı əzbərlədiyini yoxlayır. Bu da təhsil fəlsəfəsinə ziddir.

Nəticə olaraq, mayın 25-də keçirilmiş tarix imtahanı bir daha göstərdi ki, təhsil sistemi özü-özünə qarşı işləyir. Məktəb və imtahan arasında dərin uçurum var. Bu uçurum yalnız təhsil ekspertlərinin iştirakı ilə imtahan suallarının pedaqoji əsaslara uyğun hazırlanması, DİM-in cavabdehlik və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi və təhsilin məqsədyönlü şəkildə təhlil edilərək, diaqnostik yoxlamalara əsaslanması ilə aradan qaldırıla bilər. Əks halda, imtahanlar təhsilin inkişafı üçün yox, cəmiyyətin güvənsizliyini artıran bir mexanizm kimi qalacaq”.

//Gülnarə Abasova, Editor.az