Xəbər verdiyimiz kimi ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov, bu gün isə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıblar.
Azərbaycan Respublikası Hərbi Prokurorluğundan Editor.az-nın sorğusuna cavab olaraq bildirilib ki, Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Əsgərov Anar Şakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilib və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğluna da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 311.3.2-ci və digər maddələri ilə ittiham elan edilərək, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.