Son dövrlər Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı ictimai narazılıqlar xeyli artıb. Qurumda aparılan yoxlamalar nəticəsində təxminən 8 milyon manatlıq yeyinti faktının aşkarlanması barədə məlumatlar yayılıb. Eyni zamanda, mədəniyyət sahəsində çalışan işçilər, nəşriyyat nümayəndələri və yaradıcı şəxslər nazirliyin idarəetmə prinsipləri, şəffaflıq səviyyəsi və fəaliyyət prioritetlərindən narazılıq edirlər.
Bu vəziyyət cəmiyyətin mədəni həyatını formalaşdıran əsas dövlət qurumunun fəaliyyəti ilə bağlı ciddi suallar doğurur:
Mədəniyyət Nazirliyinin bugünkü fəaliyyəti qalib ölkənin statusuna və dövlətin mədəni siyasətinə uyğun sayılarmı?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Mədəniyyət Nazirliyində illərdir ciddi dəyişiklik müşahidə olunmur:

“Təəssüf ki, Mədəniyyət Nazirliyi Əbülfəz Qarayevin dövründə necə fəaliyyət göstərirdisə, indi də eyni templə davam edir. Heç bir yenilənmə, islahat, yaxud idarəetmə dəyişimi yoxdur. İstər qalib ölkə statusuna, istərsə də bu günün dünya çağırışlarına cavab verən bir mədəni kurs baxımından vəziyyət qənaətbəxş deyil.”
Abbaslının sözlərinə görə, nazirliyin indiki rəhbərliyi dəyişiklik etməkdə maraqlı görünmür:
“Mənə elə gəlir ki, indiki mədəniyyət naziri üçün əsas məqsəd işin sakit keçməsi, fövqəladə vəziyyətin yaranmamasıdır. Yəni hər şeyin olduğu kimi qalması onu daha çox qane edir. Mədəniyyət sahəsində vəziyyət, əksinə, geriləyir.”
Partiya rəhbəri qeyd edib ki, mədəniyyət xadimlərinin narazılığı da bu durğunluğun nəticəsidir:
“Bu gün bir çox incəsənət xadimləri, aktyorlar, müğənnilər müxtəlif platformalarda nazirliyin fəaliyyətini tənqid edirlər, amma onlara cavab verən yoxdur. Ən azı sual yaranır: ‘Qalib ölkə’ anlayışı fonunda son 5 ildə Mədəniyyət Nazirliyi gənclərə bu qələbəni çatdırmaq üçün nə qədər sənədli film çəkib, nə qədər tamaşa səhnələşdirib? Təəssüf ki, bu istiqamətdə görünən bir iş yoxdur. Nazirliyin fəaliyyətsizliyi mədəni potensialın üzə çıxmasına da mane olur. Bu Nazirlik, sadəcə, işləmir. İstedadlı insanların kəşf olunması və inkişafı istiqamətində heç bir təşəbbüs yoxdur. İstərdik ki, daha planlı, yaradıcı və təşəbbüskar bir nazirlik görək. Ümid edirəm ki, gələcəkdə bu sahəni dərindən bilən, daha fəal bir nazirin təyinatı ilə vəziyyət dəyişəcək”.
// Gülnarə Abasova, Editor.az

