MEDİA Azərbaycan mətbuatına nə verəcək?-Baş redaktorlar Editor.az-a danışdıbackend

MEDİA Azərbaycan mətbuatına nə verəcək?-Baş redaktorlar Editor.az-a danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə KİVDF-nin ləğv edilməsi və Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatın mövcud durumu və gələcək perspektivləri ətrafında müzakirələri intensivləşdirib. Nizamnaməsindən olduqca geniş spektri əhatə edəcəyi bəlli olan Medianın İnkişafı Agentliyindən gözləntilər də böyükdür. Mövzu ilə bağlı Editor.az-ın əməkdaşı həm ənənəvi, həm də internet media nümayəndələri ilə söhbətləşib.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən ” Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki Azərbaycan mətbuatı 145 ildir ki, müxtəlif dövrlərdə müxtəlif formatda öz fəaliyyətini davam etdirir: ‘’Xüsusən də, müstəqillik dövründə dövlətin dəstəyi və KİV haqqında qəbul edilmiş mütərəqqi qanunlar sayəsində Azərbaycan mətbuatı öz yüksəliş dövrünü yaşadı. Qlobal dünyanın yeniliklərinə qoşulmaq üçün daim inkişafda olmaq vacibdir buna görə də zəruri addımlar atmaq lazımdır. Azərbaycan Respublikası Media İnkişaf Agentliyin yaranması da məhz bu zərurətdən irəli gəlir. Azərbaycan mətbuatında mövcud olan bir sıra problemlərə fundamental yanaşan bir agentliyə ehtiyac var idi. Media İnkişaf Agentliyinin yaranması mətbuatın inkişafı yolunda böyük bir konsepsiyadır və vaxtında atılmış addımdır. Bu mətbuat nümayəndələri üçün yeni bir mərhələnin başlanğıcıdır’’.

Son olaraq Bəhruz Quliyev bildirib ki, Media İnkişaf Agentliyinin səlahiyyətləri genişdir və əlavə qanunlar da qəbul olunacaq:’’ Hər bir yeni qanun özü ilə yeni tənzimləmə mexanizminə tələbat yaradır. Media İnkişaf Agentliyi nizamnaməsində bir sıra maddələr var ki özündə yeni qanunlar ehtiva edir. Bütün bunlar mətbuatın inkişafının stimullaşdırılması yolunda atılmış addımdır ’’.

Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli bildirib ki, Medianın İnkişafı Agentliyinin nizamnaməsi çox geniş və çoxşaxəlidir:’’ Düşünürəm ki, Azərbaycan mətbuatında islahatlara ehtiyac var idi və bu qurum da islahat prosesinin aparıcı qüvvəsi olacaq. Cəmiyyətdə mənfi imici olan və daha çox qalmaqallarla, ağır ittihamlara üzləşən KİV DF-nin ləğvi və əvəzində MEDİA-nın yaranması olduqca mütərəqqi addımdır və birbaşa mətbuatın inkişafına hesablanıb’’.

O, əlavə edib ki, bundan başqa yeni qurumun nizamnaməsində mətbuatın ən böyük problemlərinin həlli istiqamətində işlər görüləcəyi də açıqlanıb:’’ Xüsusən, reklam bazarının formalaşması, sosial reklamların ədalətli paylanması və onlayn mediaya dəstək müddəalarını xüsusi qeyd etmək istərdim. Bundan başqa jurnalistlərin hüquqlarının müdafiəsi, onların sosial durumunun yaxşılaşdırılması da mühüm istiqamətlərdəndir. Ən önəmlisi isə bu fərman və sərəncamla Cənab Prezident İlham Əliyev mətbuatın dostu olduğunu bir daha sübut etmiş oldu. Əminəm ki, mətbuatımız bundan sonra daha da inkişaf edəcək, neqativ meyllər aradan qalxacaq, sağlam rəqabət mühiti daha da inkişaf edəcək, reklam bazarı ədalətli şəkildə formalaşacaq. Bundan isə qazanan cəmiyyətimiz olacaq. Yaxın vaxtlarda media sahəsində müsbət dəyişikliklərin şahidi olacağını düşünürəm’’.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, Azərbaycan Respublikası Media İnkişaf Agentliyinin yaradılması Prezident İlham Əliyevin mətbuatın inkişafını xüsusi diqqətdə saxlamasının göstəricisidir: “Cənab Prezident İlham Əliyev öz çıxışlarında hər zaman Azərbaycanda müstəqil mətbuatın mövcudluğuna diqqət çəkib. Eyni zamanda, mətbuatımızın səviyyəsini dünya göstəricilərinə uyğun olmasını arzuladığını bildirib.

Rəşad Məcid bildirib ki, Media İnkişaf Agentliyinə çox geniş səlahiyyətlər verilib: “Jurnalistlərin təhsili, xaricdə təcrübə keçməsi, peşəkarlığın artırılması istiqamətində agentlik tərəfindən çox geniş işlər görüləcək. Azərbaycan mediasının fəaliyyətinin əksər hissəsi Agentliyin təsir dairəsinə düşdükdən sonra iqtisadi vəziyyətlərində də stabilləşmə yaranacaq. Media islahatlarının dərinləşməsi haqqında fərmanda qeyd olunur ki, Mediya İnformasiya Agentliyi yeni media qanunu çərçivəsində hazırlanacaq bu isə zamanın tələbədir. Dünyada yeni informasiya texnologiyaları sürətlə inkişaf edir və bununla əlaqədar mətbuatın yeni növləri yaranır . Azərbaycan mətbuatı da bununla ayaqlaşmalıdır’’.

O, qeyd edib ki Azərbaycan Respublikasının Media İnkişaf Agentliyininin icraçı direktoru Əhməd İsmayılov təyin olunub: ’’Hesab edirəmki, kreativ bir rəhbər kimi o, bu işin öhdəsindən uğurla gələcək’’.

\\Gülnarə Abasova, Editor.az