Bir il bundan öncə 2021-ci il 12 yanvar tarixində Azərbaycanda media sferasında intellektual potensialın təkmilləşdirilməsi, media subyektlərinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradıldı. Bu gün isə artıq Agentliyin yaradılmasından bir il ötür.
Editor.az Medianın İnkişafı Agentliyinin bir illik fəaliyyət istiqamətləri haqqında baş redaktorların fikirlərini öyrənib.
AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Editor.az-a açıqlamasında bildirib ki, Medianın İnkişaf Agentliyinin yaranması Azərbaycanda həyata keçirilən islahatların məntiqi davamıdır:
“Təbii ki, media sahəsi də Azərbaycanda həyata keçirilən islahatlardan kənar qala bilməzdi. Çünki media hər zaman ölkədə cəmiyyətin güzgüsü rolunu oynayır. Mətbuatın inkişafı ictimaiyyətin düzgün və peşəkar məlumatlandırılmasına gətirib çıxarır. Bu istiqamətdə əsas şərtlərdən biri jurnalistlərin peşəkarlığının artırılması və onların problemləri, ehtiyacları ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsidir. Agentlik bu istiqamətdə yarandığı dövrdən bir il ərzində istər müstəqil şəkildə, istərsədə yerli və xarici tərəfdaşlarla birgə müntəzəm olaraq müxtəlif təlimlər, treninqlər və tədbirlər həyata keçirtdi. Dünyanın ən nüfuzlu media orqanı əməkdaşlarının Agentliyin Azərbaycan jurnalistləri üçün təşkil etdiyi təlimlərə, seminarlara dəvət olunması çox mütərəqqi addımdır. Çünki hər zaman Azərbaycan mediasının ən böyük problemlərindən biri beynəlxalq aləmə inteqrasiya ilə bağlı olub. Bu baxımdan təbii ki, xarici media orqanları ilə əlaqələrin qurulması, onların peşəkar jurnalistlərinin təcrübələrindən yararlanmaq imkanı çox önəmli məsələdir”.
Baş redaktor hesab edir ki, Medianın İnkişaf Agentliyinin yaranması Azərbaycanda media sahəsinə xeyli şəffaflıq gətirdi:
” Çünki Agentlikdən əvvəl fəaliyyət göstərən KİV-ə Dövlət Dəstəyi Fondu yalnız öz ətrafında olan 5-10 qəzeti birləşdirirdi və xüsusən də xəbər saytlarına, informasiya agentliklərinə qarşı qısqanclıq müşahidə edilirdi. Hətta belə demək mümkündürsə, bu gün Azərbaycanda əsas xəbər daşıyıcısı olan xəbər saytları və agentliklər bu qurumun diqqətindən tamamilə kənar qalmışdı. Amma Media İnkişaf Agentliyinin fəaliyyət istiqamətində jurnalistlər, xəbər saytları üçün keçirilən müsabiqələr informasiya subyektlərinin ön planda olmasını göstərir. Çünki 39 xəbər saytına Medianın İnkişafı Agentliyi tərəfindən ayrılan yardım həm də dövlətimizin media və informasiya agentliklərinə göstərdiyi dəyərin göstəricisidir. Bu bir il ərzində saytlara ayrılan maliyyə yardımından sonra xəbər saytlarında peşəkarlıq müşahidə edildi. Saytlarda daha ciddi, peşəkar, cəmiyyəti maraqlandıran aktual məsələlər, informasiya təhlükəsizliyini özündə ehtiva edən yazılar ön plana çıxdı. Düşünürəm ki, Azərbaycan media sahəsində olan islahatlar məhz Media İnkişaf Agentliyinin fəaliyyəti ilə bağlıdır. Əlavə olaraq qısa müddətdə “Media haqqında” qanunun qəbul edilməsi də çox ciddi məsələdir. Qanun Azərbaycanda jurnalistlərin peşəkarlığının artırılması, media subyektlərinin reyestrə alınması, jurnalist adınnan istifadə edərək insanlara şər-böhtan atanların bu sahədən uzaqlaşdırılması baxımından çox vacibdir. Bu baxımdan bu bir il ərzində görülən işləri müsbət qiymətləndirir, Agentliyə uğurlar arzu edirəm. Ümid edirəm ki, bundan sonrakı mərhələlərdə də bu və digər istiqamətlərdə, xüsusən jurnalistlərin sosial məsələləri, peşəkarlığın artırılması baxımından görülən işlər davam etdiriləcək”.
Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Editor.az-a deyib ki, sələfindən MEDİA-ya çox pis miras qalmışdı və çoxdan arxivə atılan KİVDF adlı qurumun rəhbərliyinin yarıtmaz fəaliyyəti bütövlükdə media sektoruna ağır zərbə vurmuş, jurnalistlər arasında inamsızlıq yaratmışdı:
“MEDİA şəxsi münasibətlərin peşəkar münasibətləri üstələdiyi, dostbazlığın, yerlibazlığın önə çıxdığı bir şəraitdə fəaliyyətə başladı. Bir il tarix üçün böyük zaman kəsiyi sayılmasa da, bu müddət ərzində xeyli iş görmək, ən azından sağlam zəmin hazırlamaq mümkün oldu.
Ən əsası Agentlik media subyektləri arasında fərq qoymur, hamıya eyni gözlə baxır, tərəfsizliyini qoruya bilir. KİVDF-dən fərqli olaraq, indi “seçilmişlər” yoxdur, ədalətli yanaşma nəticəsində böyük bir spektr əhatə olunub. Jurnalistlər üçün təlimlərin keçirilməsi bu sahədə peşəkarlığın artmasına töhfə verir. MEDİA-nın fəaliyyətini təqdir edirəm. Əminəm ki, mətbuatın inkişafının artırılmasına xidmət edən bu fəaliyyət növbəti ildə də davam edəcək”.
Demokrat.az xəbər portalının baş redatoru Vasif Həsənli Editor.az-a açıqlamasında bildirib ki, çox az bir zaman olmasına baxmayaraq Medianın İnkişafı Agentliyinin bir illik fəaliyyətini yüksək qiymətləndirir:
” Bu bir ildə MEDİA agentliyi ondan öncəki qurum olan KİVDF-nin 10 ildə görə bilmədiyi işləri görüb. İnanıram ki, MEDİA agentliyi Azərbaycanda media sferasında intellektual potensialın təkmilləşdirilməsi, media subyektlərinin dəstəklənməsi və informasiya kommunikasiya texnologiyalarının media proseslərinə inteqrasiyasının stimullaşdırılması işini, eyni zamanda, Azərbaycan jurnalistikasının nüfuzunun özünə qaytarılmasına nail olacaq. Bilirəm ki, media sahəsində on illərdir, yığılıb qalan problemlərin həlli 1 ildə mümkün deyil, bunun üçün müəyyən zaman lazımdır. Amma komanda, kollektiv peşəkarlardan ibarətdirsə, hər şeyə nail olmaq olar. Mən də MEDİA agentliyinin bütün kollektivini təbrik edir, onlara bu çətin və şərəfli yolda uğur arzu edirəm”.
//Gülnarə Abasova, Editor.az

