MEDİA jurnalistlərin gəlirlərinin 75 faizinin vergidən azad edilməsi ilə bağlı qanun layihəsini şərh etdibackend

MEDİA jurnalistlərin gəlirlərinin 75 faizinin vergidən azad edilməsi ilə bağlı qanun layihəsini şərh etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən media islahatlarının əsas prioritetidir.

Bu barədə Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin gəlir vergisindən azad edilməsini nəzərdə tutan qanun layihəsi barədə APA-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ilk dəfə olaraq, “media subyekti” və “jurnalist” terminlərinə anlayış verilib, bu fəaliyyətlə məşğul olan şəxslərin dairəsi dəqiqləşdirilib, nəticədə yaradılmış hüquqi əsas növbəti mərhələdə bu şəxslərin iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün tədbirlərin görülməsinə zəmin yaradıb.

 

“Media fəaliyyəti ilə məşğul olan şəxslərə yönəlmiş islahatlar paketinin ilk tərkib hissəsi Azərbaycan Respublikası Prezidentinin ipoteka qanunvericiliyinə edilən dəyişiklikləri təsdiqləməsi və beləliklə, jurnalistlərə dövlət təminatlı güzəştli ipoteka kreditindən istifadə etmək hüququnun verilməsi oldu.

Bundan sonra isə 13 may 2022-ci il tarixində kütləvi informasiya məhsulları, kitablar və dərsliklərin ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı ƏDV-dən azad edildi.

Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində növbəti prinsipial addım 2023-cü ilin yanvarın 1-dən ölkə mətbuatına vergi tətillərinin tətbiqi oldu. Belə ki, çap və onlayn media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, həmçinin onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi ƏDV-dən 3 il müddətinə azad olundu.

Müxtəlif görüşlər zamanı həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərən jurnalistlər gəlir vergisinin tam həcmdə ödənilməsinin onlar üçün ağır olduğunu ifadə etməklə, bu istiqamətdə də dövlətin dəstəyinə ehtiyac duyduqlarını bildirirdilər.

Bu gün Vergi Məcəlləsinə təklif edilən dəyişiklik jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

Xüsusilə, 3 nəfər işçi tələbi nəzərdə tutulmadan həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin vergidən azad edilməsi təklifi müstəsna əhəmiyyət daşıyan bir nüansdır. Bu o deməkdir ki, layihə qəbul olunarsa, təqvim ili üzrə əldə etdiyi gəlirlərin həcmi xərclər nəzərə alınmadan 45000 manatadək olan jurnalist fəaliyyəti ilə məşğul hər bir şəxs bu fəaliyyətdən əldə edilən gəlirin vergisinin 75 faizindən azad olacaqdır”.