Son vaxtlar medianın inkişafı ilə bağlı keçirilən islahatlar mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xəbər verdiyimiz kimi yaxın günlərdə də bu istiqamətdə aparılan işlərdən biri kimi Media Reyestri fəaliyyətə başlayacaq.
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən
“Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli bildirib ki, media reyestri Azərbaycan mediasında sistemli, yeni yanaşmanın tətbiqi kimi xarakterizə olunur:

“Bu gün istər peşəkar jurnalistlərin, istər peşəkar media qurumlarının sayı ilə bağlı kifayət qədər ziddiyyətli rəqəmlər var. Reyesterin yaradılması media ilə bağlı bir sıra açıq qalan suallara aydınlıq gətirəcək. Bunun peşəkar müstəvidə də ciddi töhfələri olacaq. Buna heç kəsin şübhəsi olmasın. Media reyestri Azərbaycanda milli mətbuatın sağlam rəqabət mühitini formalaşdıracaq. Düzdür, bu sahədə də ciddi işlər görülməli və addımlar atılmalıdır. Dəfələrlə Medianın İnkişafı Agentliyinin rəhbərliyi də çıxışlarında qeyd edib ki, bu proses könüllü aparılacaq və kimsə düşünməsin ki, burada hansısa müdaxilə və ya ayrı-seçkilik olacaq. Şəxsən mən bu işin perspektivinə inanıram”.
“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə isə bildirib ki, Media Reyestrinin yaradılmasını müsbət hal kimi qiymətləndirir:

” Kimin əsl jurnalist və kimin jurnalist adından istifadə edən dələduz olduğuna qərar veriləcək. Bu baxımdan, Media Reyestrinin fəaliyyəti süzgəc rolunu oynayacaq. Süzgəcdən keçənlər jurnalist kimi fəaliyyətlərini davam etdirə biləcəklər”.

