Xəbər verdiyimiz kimi, Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.
Belə ki, qanun layihəsinə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir.
Maraqlıdır, media subyetklərinə vergi güzəştlərinin tətbiq edilməsi hansı imkanlar yaradır?
“Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəli Editor.az-a media subyektlərinə vergi güzəştlərinin edilməsi dövlətin diqqət və qayğısının göstəricisidir:
” Bu, jurnalistlərə əlavə stimul verir, ələbaxımlılıqdan xilas edir. Yəni, dövlət dəstək verir ki, media heç kəsdən asılı olmadan inkişaf etsin, şəffaf fəaliyyət göstərsin. Dövlət mümkün qədər medianı qorumağa çalışır. Bilirsiniz ki, dünyada böhran yaşanır, böyük şirkətlərdə ixtisarlar olur, nisbətən kiçik şirkətlər isə bağlanmaq təhlükəsi ilə üz-üzə qalır. Azərbaycan dövləti bütün bunları nəzərə alır, vergi ödəyicilərinə, sahibkarlara güzəştlər edir. Media subyektlərinə isə xüsusi diqqət var. Medianın İnkişafı Agentliyi yarandığı gündən daim bu istiqamətdə çalışıb, güzəştlər üçün təklifləri müzakirə edib. Təsadüfi deyil ki, onlayn media subyektlərinə maddi dəstək Agentlik yarandıqdan sonra edildi. Bu, səmərəli fəaliyyətin nəticəsidir. Düşünürük ki, belə layihələr davamlı olacaq, çünki bu işdə dövlət daha çox maraqlıdır”.
//Gülnarə Abasova, Editor.az

