MEDİA-ya yeni səlahiyyətlər verildi: “Atılan addımlar Azərbaycan mediasını daha da gücləndirəcək”backend

MEDİA-ya yeni səlahiyyətlər verildi: “Atılan addımlar Azərbaycan mediasını daha da gücləndirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin fərmanı ilə Medianın İnkişafı Agentliyinə yeni səlahiyyətlərin verilməsi zamanın tələbidir. Biz bu addımı yüksək qiymətləndiririk, düşünürük ki, media ilə qanunvericilik bazasının təkmilləşdirilməsi jurnalistləri daha da məsuliyyətli olmağa vadar edəcək”.

Bu fikirləri Editor.az-a “Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəli Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) yeni səlahiyyətlərin verilməsinin media subyektlərinə hansı imkanları açacağı ilə açıqlamasında deyib.

Baş redaktor medianın cəmiyyətin güzgüsü olduğuna diqqət çəkib və  bu baxımdan  jurnalistləri fəaliyyətlərində diqqətli olmağa çağırıb:

“Xatırlayırsınızsa, bir müddət öncə, media sahəsində xaos yaşanırdı, jurnalist olmayanlar da bu addan rahat şəkildə istifadə edirdilər, qeyri-peşəkarlar meydan oxuyurdu. Artıq o mərhələ geridə qaldı, media sahəsində yeni səhifə açılıb, qanunvericilik bazası təkmilləşdirilir. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi xüsusi vurğulamaq istərdim. Əvvəllər bununla bağlı narazılıqlar olurdu ki, jurnalistlərin hüquqları qorunmur və s. Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək. Bu, dəyişiklik qarşı tərəfin jurnalistlə davranışlarında daha məsuliyyətli olmağa dəvət edir, yəni əks halda cəza var. Göründüyü kimi, jurnalistlərin peşəkar fəaliyyətinə şərait yaradılır, informasiyaya əlçatanlılığı təmin edilir. Atılan addımlar Azərbaycan mediasını daha gücləndirəcək “.

//Safura Bənnayeva, Editor.az