ABŞ-la strateji hücum silahları ilə bağlı danışıqlar yalnız Ukraynanı dəstəkləməkdən imtina etdikdə mümkündür.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında yazıb. “Birləşmiş Ştatlar kifayət qədər ciddi şəkildə strateji hücum silahlarının azaldılması ilə bağlı yeni saziş üzrə danışıqlar aparmağı təklif edir. Onlar deyirlər ki, biz neonasistləri bütün növ silahlarla, o cümlədən uzaqmənzilli raketlər və təyyarələrlə təmin edəcəyik və sizinlə yeni START-ı müzakirə edəcəyik. Nə kobud, istehzalı məxluqlar! Xeyr, bu, yalnız Bandera rejiminə silah verməkdən imtina etdikdən və onun NATO-ya qəbuluna mane olduqdan sonra mümkün olacaq”,- o yazıb.
İyunun 11-də Ağ Ev ABŞ Konqresinin Strateji Silahların Azaldılması Müqaviləsi (START) şərtlərinə əsasən Rusiya ilə məlumat mübadiləsini qadağan etmək təklifinə qarşı çıxıb. Aprel ayında ABŞ Rusiyanın öhdəliklərinə əməl etməsi şərti ilə Yeni START Müqaviləsi çərçivəsində əks tədbirlərdən imtina etməyə hazır olduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az