Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev verdiyi müsahibədə prezident olacağı təqdirdə zərurət yaranarsa, nüvə düyməsinə basmağa psixoloji baxımdan hazır olacağını etiraf edib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, Medvedev bildirib ki, nüvə silahına malik bir ölkədə prezidentliyə namizədliyini qəbul edən və seçilən heç kim bu məsuliyyəti nəzərə almaya bilməz. O əlavə edib ki, əks halda həmin şəxs prezident vəzifəsindən istefa verməli olar.
Siyasətçi Rusiyanın nüvə doktrinasının və ölkənin strateji nüvə qüvvələrinin inkişafının əsasını təşkil edən xüsusi sənədlərin mövcud olduğunu qeyd edib. Onun sözlərinə görə, ali baş komandanın belə bir qərar vermək ehtimalı heç vaxt istisna edilməməlidir. Bununla yanaşı, Medvedev “Allah qorusun, ümid edək ki, bu həddə çatılmaz” deyə əlavə edib.
Eyni müsahibədə Medvedev qlobal müharibə təhlükəsinin hazırda olduqca yüksək olduğunu və azalmadığını vurğulayıb. O bildirib ki, mövcud beynəlxalq vəziyyət müəyyən bir mərhələdə proseslərin tamamilə nəzarətdən çıxmasına səbəb ola bilər.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın “Daily Express” qəzeti Rusiyanın nüvə enerjisi ilə işləyən “Poseidon” sualtı aparatının silah arsenalına daxil edilməsindən sonra Qərb ölkələrinin “acı reallıqla” üzləşdiyini yazmışdı. Nəşrin jurnalistlərinin fikrincə, Rusiya prezidenti Vladimir Putin belə bir qərar verərsə, Londondan Nyu-Yorka qədər bir sıra şəhərlər bir neçə dəqiqə ərzində viranəyə çevrilə bilər.
//Gülnarə Abasova, Editor.az

