“İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin açıqlaması bu ölkənin ikibaşlı siyasət həyata keçirdiyini göstərir. Səfir onla əlaqəli olmayan məsələlərə “burnunu soxur” və Azərbaycanın suverenliyinə xələl gətirəcək ifadələr işlədir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin öz prezidentinin söylədiklərinin əksinə səsləndirdiyi ifadələri şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, İran prezidenti İbrahim Rəisinin Daşkənddə Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın suverenliyinə hörmətlə yanaşması barədə fikirləri, suverenliyin bərpası münasibətilə təbriki İran dövlətinin rəsmi mövqeyi olmalıdır:
“Amma səfirin mövqeyi də dövlət mövqeyi hesab olunur. Onda necə olur ki, prezidenti Azərbaycanın uğurlarını dəstəklədiyi halda Ermənistandakı səfiri beynəlxalq hüquqa zidd antiAzərbaycan açıqlamaları verir. Bu münasibət İran-Azərbaycan münasibətlərini inkişafına xələl gətirir. Çünki Tehranda yerləşən səfirliyimizə silahlı basqından sonra ölkələrimizarası münasibətlər tarixin minimuma enmişdir. Amma İran dövlətinin son vaxtlar apardığı siyasətin ədalətli görünməsi ölkələrimiz arası münasibətlərin yenidən müsbətə doğru inkişaf edəcəyinə ümid yaradıb. Lakin səfir Mehdi Sübhaninin açıqlaması iki ölkə arasında kövrək münasibətlərə yenidən zərbədir. Təbii ki, bu ciddi məsələdir. Ona görə də İran XİN-i səfirin açıqlamasına münasibət bildirməli və onu qərəzli münasibətinə görə cəzalandırmalıdır. Azərbaycan İranla münasibətlərin inkişaf etdirilməsinə maraqlıdır. İran dövlətinin də öz diplomatların fəaliyyətində qonşularla münasibətlərinə xələl gətirə biləcək açıqlamalardan uzaq olmasına tapşırıq verəcəyinə inanırıq”.
//Gülnarə Abasova, Editor.az