Yəmənin paytaxtı Sənada məktəbdə keçirilən xeyriyyə tədbirində izdiham yaşanıb. Nəticədə 85 nəfər həlak olub, 322-dən çox insan yaralanıb.
Editor.az xəbər verir ki, bu barədə Yəməndə hakim husilərin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən AFP məlumat yayıb. Məlumata görə, izdiham Sənanın mərkəzində beynəlxalq yardımın paylandığı yerli məktəbdə baş verib.
“Ölənlər arasında qadınlar və uşaqlar da var”, – mənbə bildirib. Hadisə şahidlərinin sözlərinə görə, rəsmilər kütləni saxlamaq üçün havaya atəş açıblar. Nəticədə elektrik naqilinin partlaması yardımın paylanması zamanı iştirak edənlər arasında panikaya səbəb olub. Daha sonra Daxili İşlər Nazirliyi yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırılması barədə məlumat yayıb. Hökumət hadisə ilə bağlı araşdırma aparmağa çağırıb. Sosial şəbəkələrdə də hadisə yerindən videolar yayılıb. AFP və AP yazır ki, onlar yerdə uzanmış onlarla cansız cəsədi göstəriblər.
//Samir Qurbanov,Editor.az

