Məktəblərdə acınacaqlı vəziyyət: Gələcəyimiz təhlükə qarşısındadır!backend

Məktəblərdə acınacaqlı vəziyyət: Gələcəyimiz təhlükə qarşısındadır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orta ümumtəhsil məktəblərində sıxlıq müşahidə olunur. Yəqin ki, bir sinifdə 30-40 şagirdin olması heç kəsə təəccüblü gəlmir və o qədər də qeyri-adi hal kimi görünmür. Ancaq beynəlxalq standartlara əsasən sinifdə şagird sayı nə qədər çox olarsa, dərsin keyfiyyəti də bir o qədər aşağı düşür. 

Bəs bizdə vəziyyət nə yerdədir? 30-40 şagirdin oxuduğu siniflərdə şagirdlərdən yüksək nəticə gözləmək olarmı?

Təhsil eksperti Ramin Nurəliyev sözügedən məsələni “Yeni Sabah”a belə şərh edib

“Bütün məktəblərə şamil edilməsə də, əksər ümumtəhsil müəssisələrində şagird sıxlığı valideynləri narahat edən məsələdir və bu problem sosial şəbəkələrdə də öz əksini tapıb. Beynəlxalq təcrübəyə nəzər salanda, maksimum 20-24 şagirdin bir sinifdə yer alması tövsiyə olunur. İnkişaf etmiş ölkələrdə bu say 24-dən yuxarı qalxmır. Əgər hər hansı fövqəladə bir hal baş verərsə, məsələn, ucqar dağ kəndidir və şagird sayı çoxdursa, bu, istisna kimi qiymətləndirilə bilər. Ancaq yaxın ərazidə yerləşən məktəblərin siniflərinin birində 35 digərində 15 şagird varsa, bu təbii ki, ciddi problemdir. Mütləqdir ki, şagird sayı 35 olan sinifdən məktəblilər digər yanaşı təhsil müəssisəsindəki yeri olan siniflərə köçürülsün”.

Ekspert vurğulayıb ki, tədris prosesinə diqqət yetirdikdə, 40 şagirdlik sinifdə müəllimin keçdiyi dərsin keyfiyyətli olması mümkünsüzdür:

“Dərs müddəti ərzində müəllimdən tələb olunan nüanslar var. Bunlara ötən dərsin soruşulması, ev tapşırıqlarının yoxlanılması, köhnə dərslə yeninin əlaqələndirilməsi, yeni dərsin izahı, mövzunun möhkəmləndirilməsi və s. aiddir. Sözügedən prosedurların hamısını müəllim 40-45 dəqiqə içərisində icra edirsə, 20 nəfərlik siniflə, 30 nəfərlik sinif arasında müqayisə aparsaq, keyfiyyət birincidə daha yüksək olar. Az sayda şagird olan siniflərdə dərsin daha yaxşı mənimsənilməsi mümkündür. Ona görə də sinifdə 20, ya da 24 nəfərdən çox şagirdin olması tövsiyə olunmur. Sözügedən vəziyyəti tənzimləyəcək qurum Elm və Təhsil Nazirliyi, ona tabe olan müxtəlif agentliklərdir. Düşünürəm ki, bununla bağlı müvafiq addımlar atılacaq. Çünki çoxsaylı siniflərdə dərsin keyfiyyəti olduqca aşağı səviyyədədir. Müəllim faktoru da burada əsas rol oynayır. 40 nəfər şagird olan sinif bir yox iki sayılır. Ali məktəblərdə belə bir sıxlığın yaşanmasında o qədər də problem yoxdur. Çünki gənc yaşlarında olan şəxslər müəllimin dediyi mühazirəni qeyd edərək, müstəqil şəkildə hazırlaşmaq iqtidarındadırlar. Ancaq ümumtəhsil məktəblərində bu vəziyyət çox fərqlidir. İlkin dərslərə başlayan 1,2,3-cü sinif şagirdləri var ki, say 40 nəfər olduqda, müəllim onlara eyni zamanda riyaziyyatı, vurma-bölməni izah etməli, dərsi soruşmalıdır. Bəs bütün şagirdlərə dərs eyni dərəcədə aydın olacaqmı? Xeyr, təbii ki, bu mümkün deyil”.