Məktəblərdə DİN HAQQINDA ümumi bilgiləndirmə dərsləri genişləndirilməlidir-Millət vəkilibackend

Məktəblərdə DİN HAQQINDA ümumi bilgiləndirmə dərsləri genişləndirilməlidir-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl ibtidai sinif şagirdlərinin iştirakı ilə “din” təbliğatı altında çəkilən klip ölkə gündəmini zəbt etmişdi. Ekran işində 12 şagirdin 12 İmama həsr olunan mahnını ifa etdiyi görüntülər yer almışdı. Klipdə müəllim obrazında olan ilahiyyatçı Peyman Boradigahi isə həmin çəkilişin orta məktəbdə deyil, bir evdə baş tutduğunu bildirmişdi. 

Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bununla bağlı verdiyi açıqlamada bildirib ki, orta məktəbdən dinin təbliği üçün istifadə edilməsi yolverilməzdir. Nazir həmin məktəbin direktorunun artıq cəzalandırıldığını da qeyd edib.

Bu, Azərbaycanda uzun müddətdir müzakirə edilən orta məktəblərdə dini dərslərin geniş keçirilməsi məsələsini yenidən gündəmə gətirir.

Bəzi ekspertlər hesab edir ki, məktəblərdə dini dərslərin təşkili gələcəkdə dinlə bağlı təhlükələrin,  zərərli təbliğatın qarşısını kəsəcək.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov  Editor.az-a açıqlamasında bildirib ki,  Azərbaycan cəmiyyətində uzun illər orta məktəblərdə din haqqında geniş ümumi biliklərin verilməsi ilə bağlı məsələlər xeyli müzakirə edilir:

” Məktəblərdə dinin tədrisi təbliği deyil, din haqqında ümumi məlumatların verilməsi məsələsinə yenidən baxılmalıdır. Əksər ölkələrin orta təhsil müəssisələrində  ümumi dinlərin tarixi haqqında geniş məlumat verən dərsliklər mövcuddur. Əsas hədəf və məqsəd isə  gəncləri zərərli dini təsirlərdən, təbliğatlardan qorumaqdır. Azərbaycanda bu məsələ uzun müddətdir müzakirə edilir, fərqli yanaşmalar mövcuddur.  Orta məktəblərdə “Həyat bilgisi” dərsliklərində dinlə bağlı çox qısa məlumatlar verilir, ancaq gələcəkdə bu istiqamətdə geniş proqramlar hazırlanmalıdır. Şagirdlərə din haqqında düzgün məlumat verərək onlarda ümumi fikir formalaşdırmalı, kənar təsirlərdən qorumalıyıq. Bu sahədə Azərbaycanda kifayət qədər peşəkar ilahiyyatçılar, ilahiyyat fakültəsini bitirən istedadlı gənclər var. Bu gün onların çoxu öz peşələri üzrə fəaliyyət göstərə bilmirlər. Gələcəkdə  orta məktəblərdə ümumi dini biliklərin verilməsinə pilot layihə ilə başlayıb  mərhələli şəkildə həyata keçirə bilərik.  Dinlə bağlı xüsusi dərsliklər hazırlanmalı, müəllimlər üçün kurslar təşkil edilməlidir. Nə qədər ki, gec deyil bu istiqamətdə real addımlara başlamalıyıq”.

//Gülnarə Abasova, Editor.az