Məktəblərdə nizam-intizam qaydaları haqda sənəd layihəsi hazırlanıb-  Təhsil ekspertindən AÇIQLAMAbackend

Məktəblərdə nizam-intizam qaydaları haqda sənəd layihəsi hazırlanıb-  Təhsil ekspertindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda sənəd layihəsi hazırlanıb. Bu barədə Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev deyib. Nazirlik rəsmisi qeyd edib ki, bu, nümunəvi qaydalardır və çərçivə xarakteri daşıyır.

Məsələ ilə bağlı Editor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, sinifdə nizam-intizam, davranış məsələsi şagirdlərin təlim nəticələrinə birbaşa təsir göstərən və məktəblərdə ən çox rast gəlinən problemlərdəndir:

“Nizam-intizam olmayan, davranış qaydalarına əməl edilməyən sinifdə yüksək təlim nəticələrindən danışmaq mümkünsüzdür. Nizam-intizam, sinifdə səssizliyin hökm sürməsi hər zaman şagirdlərin diqqətinin dərsə cəlb olunması demək deyil. Dərsi pozan, məktəbin normal gedişinə mane olan şagirdlərin cəzalandırmaqdan çəkinməyi dünya təcrübəsi tələb edir. Mövcud  dəyişiklik, yəni şagirdlərin  cəzalandırılması onlarda məktəbə, müəllimə qarşı aqressiya yaradacaq, müəllimlərə qarşı birləşməyə sövq edəcək, nəticədə şagirdlər məktəblə, müəllimlə birlikdə deyil, “əks cəbhə”də olacaqlar, məktəb və müəllim də daim bu cəbhədə döyüşməli olacaq. Konflikt böyüdükcə, valideynlər də bu məsələyə qoşulacaq və nəhayət məktəb haqlı olsa belə, çoxluq qalib gələcək. Şagird dərsə qulaq asmaya, nizam-intizam qaydalarına əməl etməyə bilər, lakin bu hərəkətləri onun timsalında “xuliqan” obrazı yaratmaq üçün əsas vermir. Səbrlə, təmkinlə, qayğı göstərərək onu ələ almağa, düzgün tərbiyələndirmək lazımdır”.

K. Əsədov hesab edir ki, müəllimin əsas vəzifəsi şagirdə uğur qazanmağın yolunu göstərməkdir:

“Bütün insanlar kimi uşaqlar da zəhmət tələb edən işi görməyə can atmırlar. Şagirdə “sən bunu bacaracaqsan” fikrini təlqin etmək, onu dərsə cəlb etməyin ən yaxşı yoludur. Şagirdin səhvinə görə heç bir zaman onu lağa qoymaq, danlamaq olmaz əksinə, onda tərifəlayiq xüsusiyyətlər axtarmaq lazımdır. Əlbəttə, bu o qədər də asan deyil, lakin bunu bacarmaq lazımdır. Müəllimlik peşəsinin çətinliklərindən biri də budur. Müəllimlik, 45 dəqiqə müddətdə sadəcə dərsi izah edib, soruşub, qiymətləndirməkdən ibarət deyil. Müəllim dərsin planını qurarkən belə şagirdlərinin xüsusiyyətini nəzərə almalıdır. Əgər şagirdlərin daxili aləminə bələd olunsa onları tez ələ almaq, dərsə maraq yaratmaq olar.. Düşünürəm ki, müvafiq qurum yenə də ən mənasız və qısa yolu seçərək son dövrlər ortaya çıxan problemləri həll etmək istəyir. Təhsil dərk edilən həqiqətdir, amma deyəsən bəziləri bunu dərk etmir. Bu yolla şagirdi təhsilə cəlb etmək, məktəblərdə nizam – intizam qurmaq olmaz. Bu cəza növü artıq təhdid vasitəsinə çevrilə bilər.  Sivil cəmiyyətdə insanlar arasında münasibətlər hansı etik normalara əsasən qurulursa, məktəbdə müəllim – şagird münasibətləri də o cür qurulmalıdır. Görünən odur ki, bəzi rəsmilərin məktəbşünaslıqdan anlayışı yoxdur”.

//Gülnarə Abasova, Editor.az