Məktəblərin fəaliyyəti necə bərpa oluna bilər? – Təhsil eksperti açıqladıbackend

Məktəblərin fəaliyyəti necə bərpa oluna bilər? – Təhsil eksperti açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil elə bir sahədir ki, istər Azərbaycanda, istərsə də bütün dünyada öz ətrafında çoxlu sayda insanları birləşdirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təhsil ənənəvi şəkildə bərpa olunsa, birdən-birə yoluxma sayı 43 faiz arta bilər.

Editor.az bildirir ki, bunu Trend-ə açıqlamasında Təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda aktiv tədris prosesində iştirak edənlərin sayı 2 milyondan artıqdır:

“Bu gün 1670 uşaq bağçası və körpələr evində 110 min uşaq tərbiyə alır. Nəzərə alsaq ki, bunların hər biri bağça və körpələr evinə valideynləri ilə gedirlər. Bu, o deməkdir ki, tərbiyə alan 110 min uşaq ikiyə vurulmalıdır. Eyni zamanda, bizim orta ümumtəhsil məktəblərinin sayı 4 min 447-dir. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır və bu, kifayət qədər böyük saydır. Ali təhsil müəssisələrin sayı 54-dür və burada 180 min tələbə təhsil alır. Ölkədə bütün təhsil müəssisələri üzrə 200 minə yaxın müəllim işləyir. Bunların hamısını nəzərə alsaq, görərik ki, gün ərzində 2 milyona yaxın şəxs aktiv tədbir prosesinin iştirakçısı olduğu üçün təhsil müəssisələrinə gedirlər və evə qayıdırlar. Əgər təhsil ənənəvi qaydada bərpa edilsə, bu yoluxmanı fantastik həddə gətirib çıxara bilər”.

Ekspert qeyd edib ki, təhsilin əlçatanlığını təmin etmək və zəruri bilik, bacarıqları şagirdlərdə normallaşdırmaq üçün, məhz Təhsil İnstitutu və digər dövlət qurumları növbəli dərs sistemini təklif edirlər:

“Birincisi, dərslər mərhələli şəkildə açılmalıdır, bütün məktəblər eyni anda açıla bilməz, proses pilləli şəkildə olmalıdır. Bilirik ki, yuxarı siniflər oxuma, yazma bacarığına malikdirlər, amma bu il orta ümumtəhsil məktəblərinin birinci sinfinə 165 min şagird ilk dəfə gedəcək və onlar oxuma-yazma bacarığına malik deyillər. Onlara bu bilik, bacarıqlar onlayn qaydada öyrədilə bilməz, çünki biz heç vaxt onlayn qaydada uşağın əlindən tutub hərfləri öyrədə bilmərik. Bu bacarıqlar birbaşa auditoriyada müəllimlər tərəfindən həyata keçirilir. Ancaq burada da bir problem ondan ibarətdir ki, koronavirusa yolxumada risk qrupuna daha çox yaşlı insanlar daxildir və bizim ölkədə məktəblərdə işləyən 151 min müəllimin 37 faizi bu risk qrupuna aiddir və müəyyən xəstəliyin daşıyıcısıdırlar. Bu səbəbdən onlar potensial yoluxdurucu və daşıyıcı ola bilərlər.

Ona görə də, təklif edilir ki, ilk növbədə, ibtidai siniflər açılır, birinci və üçüncü siniflər 1-3-5-ci günlər məktəbə gedirlər. Birinci siniflər üçün dərs səhər növbəsi, üçüncü siniflər üçün günorta növbəsi nəzərdə tutulur. İkinci, dördüncü siniflər isə 2-4-6-cı günlər məktəbə gedirlər. Yenə 2-ci siniflər səhər, 4-cü siniflər günorta növbəsi. Amma bir şərtlə ki, burada şagird sıxlığını minimuma endirmək lazımdır, şagirdlər dərsə gəlmədiyi günlər həmin o risk qrupuna aid olan müəllimlər onlara onlayn dərslər keçməlidir. Məktəbdə normal dərslər isə gənc və xüsusən mütəmadi testdən keçmiş, sanitar-gigiyenik qaydalara riayət eləmiş müəllimlər tərəfindən həyata keçirilməlidir”.

K.Əsədov əlavə edib ki, bundan əlavə məktəbin açılmasına qədər bir neçə işlər də görülməlidir:

“Birincisi, məktəblərdə mütləq dezinfeksiya aparatları qurulmalıdır, uşaqlar maskalardan istifadə etməlidirlər. İkincisi, bu il uşaqlar məktəbli formaları almasınlar, belə ki mağazalarda geyimləri geyinmiş uşaqlar arasında daşıyıcı ola bilər, bu da paltarın üzərində qala bilər. Üçüncü və ən vacib təklif odur ki, mətkəbdə dərsliklər şagirdlərə təhsil aldığı dönəmdə verilir və avqust ayında geri alınır. Həmin geri alınmış dərsliklər yenidən uşaqlara verilməməlidir. Ola bilər ki, bu dərsliklər yoluxmuş bir ailəyə gedə bilər və onu geri alıb, digər şagirdə verdikdə o şagird yoluxmuş şəxs olacaq. Ona görə də, bu il şagirdlərə birdəfəlik istifadə üçün dərsliklər verilməlidir”.