Məlum terror aktında İranın izləri: Azərbaycan hansı addımları atacaq?backend

Məlum terror aktında İranın izləri: Azərbaycan hansı addımları atacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fazil Mustafaya qarşı törədilən terror aktından dərhal sonra əslində Azərbaycan cəmiyyətində terrorun kimlər tərəfindən törədilməsi ilə bağlı dəqiq ehtimal var idi. Bir neçə gün sonra Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında da bu versiya təsdiq olundu”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, İrandakı bəzi dini və dövlət dairələri uzun illərdir ki, Azərbaycana qarşı terror törədirlər:

“Bəzən gizli, bəzən isə açıq-aşkar müxtəlif formalarda Azərbaycan İrandan gələn terrorun hədəfindədir. İrandakı dini mərkəzlərdən biri Qum şəhərində yerləşir. Ancaq çox təəssüf ki, artıq dəfələrlə Qumda təhsil almış Azərbaycan vətəndaşlarının bu və ya digər formada Azərbaycanda törədilən terror, sui-qəsdlərdə adlarının qarışması cəmiyyətimizdə ciddi narahatçılıq və şübhələr yaradır ki, görəsən həqiqətənmi Qumda dini təhsil verilir, yoxsa vətəndaşlar Azərbaycana qarşı ideoloji baxımdan terrora hazırlanıb? Sonuncu terror aktını törədən şəxsin Qumla əlaqəli olması bir daha onu göstərir ki,  bu məqsədyönlü şəkildə hazırlanmış terror aktıdır. Ancaq əlbəttə ki, bu terror hadisəsində məqsəd Azərbaycan cəmiyyətinin öz milli maraqları ətrafında çıxan gur səsini susdurmaqdan ibarətdirsə, tam əksinə vətəndaşlarımız daha həmrəy formada öz dini maraqlarını qorumaq üçün səfərbər oldu”.

H. Babaoğlu bildirib ki, Azərbaycan artıq bu terror aktına qarşı tədbirlər görməyə başlayıb:

” Hər gün ölkəmizə qarşı İran tərəfindən ixrac edilən narkoticarətə qarşı mübarizəni daha da gücləndirilir. Çünki narkoticarət hədəfi gənclərimizdir. Məqsəd uyuşdurucu vasitələrin təsirinə salmaqla onlardan terrorçu hazırlamaqdır. Daha sonra dini fars şovinizmi kimi dərk edən müsəlman qardaşlarımızı “fars şovinizmini dini siyasətə alət etmək” ənənəsindən xilas etməliyik. Bu istiqamətdə də bir sıra ziyalılar, din xadimlərimiz dövlət qurumları ilə birgə sistemli şəkildə  iş aparır. Ən əsası isə hüquq mühafizə orqanlarımız ehtimal olunan mümkün terrora qarşı mübarizəni daha da sərtləşdiriblər. DTX-nın sonuncu əməliyyatının nə qədər uğurlu keçməsindən də bu bəllidir”.

Millət vəkili onu da vurğulayıb ki, məlum terror aktı ilə bağlı Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edə bilməz:

” Çünki terroru dəstəkləyən hansısa bir dövlət beynəlxalq hüququn prinsiplərinə əsasən mühakimə edilə bilməz. Terrorizmə qarşı mübarizə hər bir dövlətin ayrı ayrılıqda və bütün dünya ictimaiyyətinin birlikdə vəzifəsidir. Azərbaycan da antiterror koalisiyasının fəal üzvüdür. Bu çərçivədə  terrora qarşı nə etmək mümkündürsə onu edir. Azərbaycan digər dost və müttəfiq ölkələrdə də təhlükəsizliyi təhdid edən terrora qarşı hər cür dəstək verməyə hazırdır”.

//Gülnarə Abasova, Editor.az