Məlumatı gecikdirən MƏTBUAT XİDMƏTLƏRİ: Müasir dövrdə dəqiqləşdirmə saatlar və bəzən günlərlə çəkə bilərmi?backend

Məlumatı gecikdirən MƏTBUAT XİDMƏTLƏRİ: Müasir dövrdə dəqiqləşdirmə saatlar və bəzən günlərlə çəkə bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

İctimaiyyətin ölkədə baş verən hadisələrlə bağlı məlumatlandırılması ayrı-ayrı dövlət qurumlarının mətbuat xidmətinin üzərinə düşsə də bəzən ən son informasiyanı onlardan alırıq. Bu da ölkəmizdə informasiya təhlükəsizliyini təhdid edir. Nəticədə yaranan boşluqlardan istifadə edən müxtəlif sosial şəbəkə istifadəçiləri, saxta məlumatlar yayan bəzi bloggerlər cəmiyyətin informasiya mənbəyinə çevrilir.

Jurnalistlər gün ərzində məlumat əldə etmək və ya informasiyanı dəqiqləşdirmək üçün müvafiq qurumlarının mətbuat xidmətinə müraciət edirlər. Lakin mətbuat katibləri, bəzi mətbuat xidmətinin əməkdaşları ilə əlaqə saxlamaq, informasiya əldə etmək bir o qədər də asan olmur.

Adı “ictimaiyyətlə əlaqələr şöbəsi” , “mətbuat xidməti” olan bu xidmətlərin bəs əsas vəzifəsi nədir?

Mövzu ilə bağlı suallarımızı cavablandıran Milli Məclisin deputatı Naqif Həmzəyev Editor.az-a bildirib ki, günümüzdə informasiya ilə işləmək və dəqiqliyini yoxlamaq, bu informasiyanın hədəfə çatması üçün vaxtında açıqlamalar vermək ən əsas tələblərdən biridir:

“Ancaq təəssüflər olsun ki, bəzən bu proseslərdə dövlət qurumlarının  mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbəsi gecikir və cəmiyyəti vaxtında məlumatlandıra bilmir. Nəticə etibarilə insanlar adi sosial şəbəkə istifadəçiləri tərəfindən  yayılan məlumatlara inanırlar. Bu da istər-istəməz həm informasiya kirliyinə gətirib çıxarır, həm də həmin qurumları çətin vəziyyətdə qoyur. Nəticədə baş verən hadisə ilə bağlı təkliflərin verilməsi, aydınlıq gətirilməsi əlavə bir yükə, problemə çevrilir. Bu da cəmiyyət arasında böyük çaşqınlıq yaradır.  Bu məsələdə ən böyük məsuliyyət mətbuat xidmətləri və ictimaiyyətlə əlaqələr şöbəsinin üzərinə düşür. Aidiyyatı qurumlar isə bu istiqamətdə öz işlərini müasir dövrün tələblərinə cavab verəcək şəkildə təşkil etməlidirlər. Yerli qurumlarla operativ işləməli, vətəndaş müraciətləri vaxtında araşdırılmalı və zamanında aydınlıq gətirib, münasibət bildirilməlidir ki, lazımsız informasiya bu məkana düşməsin və insanlarda çaşqınlıq yaratmasın”.

Millət vəkili vurğulayıb ki, son illər məhz informasiyanın idarə olunması, öz hədəfinə düzgün formada çatdırılması üçün dövlət tərəfindən bir çox islahatlar həyata keçirilir:

“Bu istiqamətdə xüsusilə də vətəndaşların daha çox müraciət etdiyi qurumlarda reyestr xidmətləri yaradılır. Bütün həyata keçirilmiş texniki baxışlar, müayinələr, təmir işləri, dəyişikliklər reyestrlərdə öz əksini tapacaq ki, nəticə etibarilə həm aidiyyatı dövlət qurumları, həm mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları bu məlumatlardan vaxtında istifadə edə biləcəklər. Bu da informasiyanın həqiqiliyinin, operativliyinin, dəqiqliyinin təminatına çevriləcək. Bununla yanaşı bütün ictimaiyyətlə əlaqələr şöbəsi və mətbuat xidmətləri öz işlərini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etməlidir. Unudulmamalıdır ki, artıq hər bir vətəndaş bir bloggerdir, sosial şəbəkə istifadəçisidir və hər bir vətəndaşın yaydığı informasiyanın həqiqiliyini, dəqiqliyini anında yoxlamaq və ona reaksiya vermək lazımdır. Təssüflər olsun ki, bəzen məhz bu şəxslər də məsələlərə ciddi yanaşmır, vətəndaşların müraciəti və ya paylaşdıqları hər hansı bir video ciddiyə alınmır. Daha sonra isə bu proses  böyüyərək müəyyən qədər qurumun fəaliyyətinə zərər gətirir, cəmiyyətdə isə yanlış informasiya kirliliyinə, yayılmağına gətirib çıxarır. Bu baxımdan da hər birimiz bu məsələdə aktivlik göstərməli və çalışmalıyıq ki, bu qurumların ictimaiyyətlə əlaqələr şöbəsinə, mətbuat xidmətinə, fəaliyyətinə ictimai nəzarət həyata keçirək, işlərinə kömək edək və vətəndaşlarımızın dəqiq, düzgün informasiya almasını təmin edək. Eynilə jurnalistlərin də üzərinə bu istiqamətdə böyük məsuliyyət düşür. Onlar da bacardıqları qədər bu proseslərdə vacib rol oynadıqlarını bilirlər. Yalnız ayrı-ayrı qurumların ictimaiyyətlə əlaqələr şöbəsi, mətbuat xidmətləri jurnalistlərlə düzgün əlaqəni qurmalıdır. Hesab edirəm ki, hansısa problem varsa, onlar da aradan qaldırılacaq və biz bacardığımız qədər ictimaiyyətin düzgün, vaxtında məlumatlandırılmasını təmin edəcəyik. Bununla əlaqədar da bütün mövcud, müasir həllərə isti baxmalı, bacardığımız qədər öz işlərimizi smart idarəetmə əsasında qurmalıyıq ki, vətəndaşların tələblərini, gözləntilərini qarşılaya bilək”.

Editor.az-a açıqlamasında əməkdar jurnalist, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi Makiavellizm məktəbinin məşhur məzunu kardinal Taleyranın bir fikrini diqqətə çəkib:

“Dil – insana fikirlərini gizlətmək üçün verilib. Bizim bir çox və ya əksər mətbuat xidmətləri, xüsusən rəhbərləri danışan dili olduğu qurumun fikirlərini, onların barəsində faktları gizlətmək üçündür. İnformasiyanın gizlədildiyi yerdə dezinformasiyanın yayılması təbiidir. Bu, bir tərəfdən, sualdan yayınmağa da kömək edir, digər tərəfdən medianı və bütövlükdə cəmiyyəti yalan-yanlış informasiya bolluğunda azdırmağa xidmət edir. Sanki bir xırmandolusu taxılın içində bir iynəni tapmaq məcburiyyətində hiss etdirir”.

Baş redaktor məsələnin obyektiv tərəflərinə də toxunub:

” Mətbuat xidmətinin rəhbəri quş dili bilən Süleyman, yaxud Akrit Yasval, Qreqori Smit… kimi vunderkind deyillər. Elə məsələlər var ki, onu dəqiqləşdirmək həqiqətən də lazım gəlir. Bir çox hallarda isə dəqiqləşdirmək adı altında jurnalistin başını qatıb, vaxtını alırlar ki, gündəm səhifəsini çevirsinlər. Digər tərəfdən bir çox mətbuat xidməti rəhbərlərinin çörəyi öz qurumunu jurnalistlərdən qorumaqdan çıxır. Mətbuat xidməti rəhbəri tanıyıram ki, tək  Bakı şəhərində bir neçə yerdə bahalı mənzili, dəniz qırağında içində lifti olan 3 mərtəbəli bağı, 300 minlik maşını var. Sizcə, bunu suallara cavab verməkdən qazanıb, yoxsa “cavablara sual” verməkdən?” Öz nazirinin, rəisinin, sədrinin cangüdənlərindən biri olub, şefi qəliz suallardan qorumaqla sərvət sahibidir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.