Məmurlar və vətəndaşlarımız bu məsələlərdə daha həssas və diqqətli olmalıdırbackend

Məmurlar və vətəndaşlarımız bu məsələlərdə daha həssas və diqqətli olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Ölkə başçısı İlham Əliyev daima şəhid ailələri, qazi və veteranlara yüksək diqqət və qayğı göstərib. Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycanda şəhid ailələri və müharibə əlillərinə həssas münasibət göstərilməyə başlanılıb. Həmin vaxtdan prioritet istiqamətə çevrilən bu xətt  İlham Əliyevin Prezidentlik fəaliyyətinin ötən dövründə daim diqqət mərkəzində saxlanılır.  Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün Dövlət Proqramı təsdiqlənib. Ölkənin iqtisadi gücü artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır. Bununla bağlı dövlət başçısı tərəfindən son illər ərzində bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamlara əsasən şəhid ailələrinə, qazilərə və əhalinin digər həssas qruplarına aid insanlara verilən təqaüdlərin həcmi artırılıb.

Bəs bu gün dövlət qurumları həmin istiqamətdə öhdəliklərini layiqincə yerinə yetirirlər?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edir ki, Azərbaycan dövləti uğurlu sosialyönümlü siyasət həyata keçirir:

“Həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsi şəhid ailələrinin, qazilərinin sosial rifahının yaxşılaşdırılması, vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailələrinə, qazilərimizin məşğulluq problemlərinin həll olunması sahəsində təxirəsalınmaz işlər həyata keçirilir. Bu istiqamətdə prezident İlham Əliyev tez-tez aidiyyatı qurumlara mesajlar, tapşırıqlar verir. Vitse-prezident Mehriban Əliyeva da bu məsələləri xüsusi diqqətdə saxlayır. Tarixə nəzər saldıqda bir çox güclü dövlətlərin, hətta SSRİ- də belə İkinci Dünya müharibəsi bitdikdən hələ 20 il sonra müharibə iştirakçılarının sosial təminatları istiqamətində müəyyən işlər görülməyə başlanıldı. Azərbaycan isə müharibə bitmədən bu kateqoriyadan olan şəxslərin sosial rifahının yaxşılaşdırılması, mənzil şəraiti və məşğullluqla bağlı problemlərinin həll olunması , sağlamlıqlarının qorunması istiqamətində bir çox işlər görülüb “.

Deputatın sözlərinə görə, şəhid ailələrinin mənzillərlə təmin edilməsi prosesi də 2025-ci ilə qədər davam etdiriləcək:

“Eyni zamanda,  qazilərimiz həm ölkə daxilində, həm də xaricdə müalicə alırlar, ən müasir protezlərlə təmin olunurlar. Bu da Azərbaycan dövlətinin onlara ayırdığı xüsusi diqqətin göstəricisidir. Qazilərimizin məşğulluq problemlərinin həlli ilə bağlı aidiyyatı dövlət qurumları tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Məşğulluq Agentliyinin birgə təşkil etdiyi Məşğulluq marafonun şahidi olduq. Bunlarla yanaşı qazilərimizin xüsusi ixtisaslara yiyələnmələri, bilik və bacarıqlarının artırılması ilə bağlı xüsusi kursların hazırlanması da onların daha yaxşı işlərlə təmin edilməsinə şərait yaradır. Lakin bütün bunlara baxmayaraq cəmiyyət olaraq hər birimiz səfərbər olmalıyıq. Bacardığımız qədər çalışmalıyıq ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin ailə üzvləri, müharibə veteranlarını diqqət mərkəzində saxlayaq. Bacardığımız qədər onların fərqli zirvədə olduqlarını hiss etdirməliyik. Çünki məhz onların sayəsində biz 30 illik həsrətə son qoymuşuq. Məmurlarımız və vətəndaşlarımız da bu məsələdə daha həssas və diqqətli olmalıdır. Bütün istək və arzuları, xahişlərinin zamanında ən yüksək formada təmin edilməsi üçün çalışmalıyıq”.

Milli Məclisin deputatı Arzu Nağıyev isə  bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra əsas prioritet istiqamət kimi dövlətin apardığı başlıca siyasətlərdən biri şəhid ailələri və qazilərə sosial dəstəyin artırılmasıdır:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “YAŞAT” Fondu tərəfindən həmin sahədə gücləndirilmiş işlər aparılmalıdır. Statistik rəqəmlərə nəzər salsaq təxminən 123 min insana 276 min xidmət göstərilib. Bu qrupların içərisində sosial tərəfdaşlar tərəfindən 119 mindən çox ərzaq həmin həssas qruplara verilib. Sosial ödənişlər edilib. Təxminən 103 min nəfərə 115 min xidmət həyata keçirilib.
Əsas istiqamətə isə şəhid ailələri, müharibə əlilləri, həssas qruplar daxildir. 3038 şəhidin(86 nəfəri mülki şəhid) 8028 ailə üzvünə 16053 sosial ödənişlər edilib. Buraya pensiya, müavinət, təqaüdlər daxildir. 3910 müharibə əlilinə 7820 manat  sosial ödəniş edilib.

12872 yaralı hərbiçimizin ailələri ziyarət edilərək sağlamlıq müayinəsi aparılıb. 2 minə yaxın müharibə əlilinə 38 mindən çox reabilitasiya vasitəsi verilib. Bu günə qədər 3910 nəfərin əlilliyi təyin edilmişdir. Bununla paralel olaraq təbii ki, sosial psixoloji dəstək də var. Bakı Sağlamlıq Mərkəzində 90-adək hərbiçi ilə görüşlər keçirilib. Onlara onlayn psixoloji xidmətlər göstərilir, sosial ödənişlər, müavinətlər artırılır.

Keçmiş məcburi köçkünlər üçün inşa olunmuş 6365 mənzilin şəhid ailələrinə verilməsi üçün işlər aparılır. 4760 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. İndiyə qədər onlara 324 avtomobil paylanılıb. 3612 sığorta işi üzrə 11 milyon 189 min 415 manat sığorta ödənişi edilib. Həlak olanların ailələrinə 11 min manat ödənilib. Əlilliyi müəyyən olunmuşlara, ağır xəstə, az ağır xəstə olanlara, yüngül xəsarət alanlarda buraya daxildir. Özünüməşğulluq məsələsinin həlli istiqamətində də ciddi addımlar atılıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən müxtəlif xidmətlərə 16 mindən çox adam cəlb olunub. Bu istiqamətdə Prezident İlham Əliyevin apardığı siyasət mütləq şəkildə öz həllini tapmaqdadır”.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Safura Bənnayeva, Editor.az