Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb siyasətçilərinə güvəndiyi qədər Rusiya prezidenti Vladimir Putinə də güvəndiyini bildirib.
Onun sözlərinə görə, Ankara Putin və bütövlükdə Rusiya rəhbərliyi ilə birlikdə bir çox mühüm layihələr həyata keçirir və bunu davam etdirmək niyyətindədir. “Mənə güvənməmək üçün heç bir səbəb yoxdur.
Qərb nə qədər etibarlıdırsa, Rusiya da etibarlıdır. 50 ildir ki, Avropa Birliyi bizi öz qapısında gözlədir. İndi mən Rusiyaya Qərbdən az güvənmirəm”, – deyə Ərdoğan Amerikanın PBS telekanalına müsahibəsində bildirib. Türkiyə prezidenti vurğulayıb ki, o, Rusiya rəhbərliyinə “etibar etmək olmaz” iddiaları ilə qətiyyən razı deyil.
“Təbii qazımın yarısı Rusiyadan gəlir, bu da o deməkdir ki, biz həmrəyik. Rusiya Federasiyası ilə də bir sıra birgə layihələr həyata keçiririk. Məsələn, biz müdafiə və təhlükəsizlik sahəsində, eləcə də sənaye sahəsində əməkdaşlıq edirik”, – deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib. Türkiyə prezidenti xəbərdarlıq edib ki, Ukraynadakı hərbi münaqişə “çox uzun” olacaq, lakin Rusiya prezidenti Vladimir Putin “mümkün qədər tez buna son qoymaq istəyir”. “Vladimir Putin də mənim kimi Ukraynadakı müharibənin tezliklə dayandırılmasının tərəfdarıdır.
Mən bunu yalnız onun sözlərindən deyirəm, Putin istəyir ki, bu müharibə tez bitsin. Onun dediyi budur və mən onun sözlərinə inanıram”, – deyə Ərdoğan vurğulayıb.
//Samir Qurbanov, Editor.az