“Məndən bir manat aldı ki, marketə gedirəm” – Qətlə yetirilən Orxanın ailə üzvləri danışdı – FOTbackend

“Məndən bir manat aldı ki, marketə gedirəm” – Qətlə yetirilən Orxanın ailə üzvləri danışdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Mingəçevirdə məktəbli Kərimov Orxanın ölümü ilə nəticələnən cinayət hadisəsi baş verib.

Editor.az bildirir ki, “qafqazinfo”ya danışan yeniyetmənin ailə üzvləri hadisənin təfərrüatı ilə bağlı məlumat veriblər.

Orxanın anası Kərimova Atlasın sözlərinə görə, hadisə baş verməzdən öncə, oğlu evdən çıxın marketə gedibmiş:

“Orxan dedi ki, ana, mənə bir manat ver, gedib marketdən sup alıb gətirim yeyim. Ət yeyən deyildi, dedim, get al, gəl. 15-20 dəqiqə keçdi, gördüm ki, balam gəlmədi. Əkiz qardaşı Ayxan qaçıb gəldi ki, ana, Orxan evdə yoxdur? Evdən çıxdım ki, Əlvan beş dəfə tapançadan atəş açaraq balamı qanına qəltan edib. Araşdırsanız, özünüz də görəcəksiniz ki, narkomandır, bura gələndən birini bıçaqlayıb, birini baltalayıb. Bir sözlə, qəsəbəyə gələndən dünyanı dağıdır”.

Qətlə yetirilən Orxanın əkiz qardaşı Ayxan isə hadisəni belə xatırlayır:

“Orxanla evdə oturmuşduq, marketə getdi, mən də arxasınca yollandım. Marketin qarşısına çatanda silah səsi eşitdim. Qabağa qaçanda gördüm ki, heç kəs yoxdur. Gördüm ki, qardaşımın meyiti yerdədir, öldürüb tullayıb ora”.

Məlum olub ki, qətli törədən Əlvan Qasımov daha əvvəl də yaşadıqları “Yeni həyat” qəsəbəsində daha bir yeniyetmənin sağlamlığına zərər vurub. Bu iddia ilə qəsəbə sakini İsmayılova Mahirə çıxış edib:

“Özüm Xocalı sakiniyəm, uşağım ruhi xəstədir. Oğlumu üç nəfərlə qruplaşıb döyüb, çənəsini sındırmışdılar. Hazırda oğlumun çənəsində həmin zədə qalır. Oğlum cavandır, buna görə də şikayətçi olmadı. Amma bir ana kimi mənim sinəmdə o hadisə yara kimi qalıb. Əlvana ömürlük cəza verilməlidir. Bu, artıq onun törətdiyi neçənci cinayətdir”.

Qeyd edək ki, rəsmi məlumata görə, Əlvan Qasımov məktəblini şəxsi münasibətlər zəminində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq qətlə yetirib.

O, hadisədən sonra polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

 

Loading...