“Məqsəd say azaltmaq yox, prosesdən savadsız “müəllimləri” uzaqlaşdırmaqdır”- Elçin Əfəndibackend

“Məqsəd say azaltmaq yox, prosesdən savadsız “müəllimləri” uzaqlaşdırmaqdır”- Elçin Əfəndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müəllimlərin sertifikasiya imtahanı məhz qarşıya qoyulan məqsəd üzrə həyata keçirilərsə, kifayət qədər müsbət nəticələr əldə edə bilərik. Ən başlıcası övladlarımıza təhsil verən müəllimlər arasında tanışlıqla işə düzələn, kənar ixtisas sahibləri sıradan çıxacaq. Eyni zamanda, müasir təhsil standartlarından xəbəri olmayan və yaxud 2008-ci ildən etibarən ölkəmizdə tətbiq olunmağa başlayan kurikulum sistemindən məlumatsız olan, ümumi təhsil vermək imkanları aşağı olan şəxslər prosesdən tədricən uzaqlaşacaq”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspertin sözlərinə görə, bu il müsabiqədən keçən bilməyən müəllimlər üçün növbəti ilə qədər yenidən şans veriləcək:

“Bir il sonra onlar təkrar imtahan verdikləri zaman yenə də nəticə əldə olunmasa, birbaşa əmək müqavilələrinə xitam veriləcək. Sertifikasiya imtahanı məsələsində müəllimləri gənc və ya yaşlı olaraq müqayisə edirlər. Bu, doğru deyil. Müasir informasiya və texnologiyalar əsrində hər bir təhsilverənin müasir təhsil standartlarına cavab verməsi, müasir texnologiyalarla işləmək qabiliyyətinin olması vacib və əsas məsələdir”.

Elçin Əfəndi qeyd edib ki, ölkəmizdə hal-hazırda orta ümumtəhsil müəssisələrində 160 min nəfərə yaxın müəllim çalışır:

“Həmin müəllimlər 4440-a yaxın orta ümumtəhsil müəssisələrində təhsilverən statusundadır. Bu zaman 1 milyon 900 min şagirdin təhsilində birbaşa məsuliyyət onların üzərinə düşür. Təhsil verənlər o qədər təcrübəli və savadlı olmalıdır ki, biz gələcəkdə daha ixtisaslı kadrlar yetişdirə bilək. İmtahanların müəllimlərinin sayının azaldılması məqsədilə keçirilməsi ilə bağlı yanaşmanı da doğru hesab etmirəm. Məqsəd müəllimlərin sayını azaltmaq yox, prosesdən savadsız “müəllimləri” uzaqlaşdırmaqdır. Bu, övladlarımızın gələcəyi baxımından doğru addımdır. Hesab edirəm ki, gənc kadrlar arasından da müsabiqədən keçə bilməyənlər olacaq. Düşünürəm ki, birinci mərhələdə təxminən 30-40 faiz müəllim müvafiq nəticə toplaya bilməyəcək, ancaq ikinci ildə 50 faiz müəllim müsabiqədən keçməyə bilər”.

//Gülnarə Abasova, Editor.az