Meşə yanğınları artıb: Təbiəti necə qoruyaq?backend

Meşə yanğınları artıb: Təbiəti necə qoruyaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: Ekologiya və ətraf mühitin mühafizəsi

Son günlər ölkəmizdə meşələrdə və meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Haqqında Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, nazir müavini Firdovsi Əliyev və Nazirliyin regionda fəaliyyət göstərən bütün qurumlarının əməkdaşları yanğın baş verən gündən ərazidədirlər.

“Havaların isti və quraq keçməsi ilə əlaqədar  meşə və təbiət əraziləri yanğına daha həssasdır. Bu səbəbdən mütamadi olaraq vətəndaşlarımıza, təbiət qoynunda istirahət edən turistlərə, meşə ətrafında yaşayan kənd sakinlərinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara və fermerlərə müraciət edirik ki, qızmar yay günlərində hədsiz diqqətli olsunlar, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, biçindən sonra sahələrə od vurmasınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb olur. Ona görə də, bir daha vətəndaşlarımıza çağırış edirik ki, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməmək üçün daha da duyarlı olaq”.

Lakin bütün bunlara baxmayaraq müəyyən səbəblərdən meşə yanğınları Azərbaycanı yenidən cənginə alıb. Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahələrində yanğınlar baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Editor.az-a açıqlamasında bildirib ki, yanğının başvermə səbəblərinə əsasən təbii amillər daxildir:

” Son vaxtlar havaların isti, quraq keçməsi, və digər tərəfdən insan faktoru bu məsələdə ciddi rol oynayır. İnsan faktoru özünü ən çox meşə ilə həmsərhəd  və ya bilavasitə meşədə olan olan halinin kənd təsərrüfatı məhsulları əkib becərmək məqsədilə istifadə etdiyi torpaq sahələrində xüsusən taxıl biçildikdən sonra yerdə qalan çör-çöplərin yandırılmasında görə bilərik. Artıq bir neçə gündür ki, respublikanın müxtəlif bölgələrində yanğın hadisələri müşahidə olunur və bu istiqamətdə apardığımız analizin nəticələri göstərir ki, meşə  yanğınlarının 90 faizi əhalinin kənd təsərrüfatı məhsulları əkmək üçün istifadə etdiyi ərazilərdə baş verir. Demək olmaz ki, yanğın bilərəkdən törədilir. Ancaq müəyyən səhlənkarlıqdan, məsuliyyətsizliklər səbəbindən  belə yanğınlar baş verir. Meşə torpaqları ölkə ərazisinin cəmi 11 faizini təşkil edir. Ancaq bələdiyyələrdə, dövlətdə, əhalinin xüsusi  mülkiyyətində olan torpaqlarda da yanğın baş vermə ehtimalı var. Biz ancaq meşə fondu ərazilərində yanğına qarşı ciddi tədbirlər görürük. Digər ərazilərdə isə bu istiqamətdə əsaslı fəaliyyət mövcud deyil. Yəni, məsələn bələdiyyələr öz ərazilərində yanğına qarşı proflaktik tədbirlər həyata keçirtmir. Nə mineral zolaqlar çəkilir, nə də hər hansı digər təbliğat tədbirləri baş verir. Meşə ərazilərində yay aylarında piknik zamanı qalanan ocaqlar böyük yanğınlara səbəb ola bilər. Avtomobillə meşə əraziləri keçdikdə siqaret. Bunların əksəriyyəti insan məsuliyyətsizliyindən irəli gəlir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Editor.aza bildirib ki, yanğınla mübarizə sahəsində kifayət qədər təcrübəsi olmayan təşkilat və ictimai birliklərin  təşəbbüs göstərməsi təqdirəlayiqdir:

“Amma bu məsələnin digər tərəfi də təhlükəsizlik məsələləri ilə bağlıdır. Biz də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şura üzvləri olaraq bu məsələni diqqətdə saxlayırıq. Meşə yanğınlarının miqyası və forması elədir ki, biz QHT üzvləri olaraq  effektiv tədbirlər həyata keçirmək gücündə deyilik. Dövlətimizin də bu sahədə kifayət qədər böyük təcrübəsi olduğunu nəzərə alaraq hətta qonşu Türkiyədə baş verən keçən ilki yanğınlara da böyük dəstəyimizi göstərdik. Bu cür hadisələrin qarşısını almaq üçün kifayət qədər texniki resurslara malik olduğumuzu deyə bilərik. Kifayət qədər amfibiya təyyarəsi, helikopterlər, maşın və texnika mövcuddur. Eyni zamanda təcrübəli yanğınsöndürənlər, zabitlər və FHN əməkdaşları, mütəxəssisləri işinin peşəkarıdır. Ona görə də bir qədər bayağı səslənsə də onların əl-ayaqlarına dolaşmaqdansa, maneə törətməkdənsə yaxşı olar ki, işi peşəkarlarının görməsinə imkan yaradaq və çalışaq ki, yanğının baş verməsində kimisə günahlandırmaq, ittiham etməməyə, tənqid etməməyə çalışaq”.

A. Məmmədov bildirib ki, yanğınlar iqlim dəyişikliyi səbəbindən son illər dünyanın bir çox yerində baş verir:

” Keçən il Türkiyədə baş verən yanğınlar miqyasca bu il bizim ölkədəkindən qat-qat böyük idi. Bizim QHT olaraq əsas görə biləcəyimiz iş maarifləndirmə ilə bağlıdır.  Kütləvi informasiya vasitələrində bununla bağlı aprel ayından çıxış etmişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FHN-nin təşkil etdiyi maarifləndirici tədbirlərə qoşulmuşuq. QHT-lər də həmişə aktivdirlər və məsələ bundadır ki QHT-nin resursunu nəzərə alsaq verə biləcəyi bir töhfə yoxdur. Yanğının lokallaşdırılması üçün dövlətə aid qurumlar öz üzərinə düşəni artıqlaması ilə edirlər”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.