Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Editor.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən Mehman Xəlilovun vəkili Anar Qasımlı vəsatətlə çıxış edib. O bildirib ki, əvvəldən axıra kimi çəkiliş aparılmasını istəyirlər: “Təqsirləndirilən şəxsə ağır ittiham verilib. Bunun da səbəbi bu hadisə baş verəndən sonra yayılan videolardır. Həmin videolar yayılandan sonra insanlarda qəzəb yarandı. Nəticədə təqsirləndirilən şəxsə ağır ittiham verildi.
İşdə daha fərqli hallar var. Bu, ağır hadisədir, təsirlənirəm, zərərçəkmişin acısına şərikəm. Amma işin aparılması, araşdırılması lazımdır. Biz prosesin açıq və ya qapalı keçirilməsində maraqlı deyilik. Əgər çəkiliş olacaqsa, əvvəldən axıra kimi aparılsın. Bizdə bu işin obyektiv araşdırılmasını, cəmiyyətin həqiqəti bilməsini istəyirik. Kiçik bir çəkiliş aparıb, sonra böyük səs-küy yaranmasını istəmirik”.
Təqsirləndirilən Mehman Xəlilov da vəkili ilə razı olduğunu deyib. Dövlət ittihamçısı Samir Məmmədov isə məsələni məhkəmənin mülahizəsinə verdiyini deyib.
Zərərçəkmiş Fərid Bakarovun hüquqi varisi, anası Aynurə Məlikova zalda mətbuatın iştirak etməsinə etiraz edib. O deyib ki, mətbuatda bu işin yayılmasını istəmir: “Biz şou göstərmək istəmirik. Biz işin araşdırılmasını, qiymət verilməsini istəyirik. Həmçinin təqsirləndirilən şəxslə mənim aramda söhbətlər olubsa, öz aramızdadır, özümüz bilirik. Bunun yayılmasını istəmirik. Buna görə də prosesin qapalı keçirilməsini istəyirik. Mənim oğlum var, məktəbə gedir. Bunları internetdə görür, çox pis olur. Ötən məhkəmə iclasını çəkdilər, ananın fəryadı adı ilə şou yaratdılar”.
Daha sonra müşavirə keçirən hakim heyəti qərar açıqlayıb. Hakim deyib ki, işdə olan ailə sirrinin yayılması qanunla qadağandır. İşdə ailə sirri ilə bağlı sənədlər, yazışmalar var.
Daha sonra proses qapalı keçirilib.
Qapalı prosesdə prokuror ittiham aktını elan edib. Mehman Xəlilov ona verilən ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, hadisə qəsdən yox, ehtiyatsızlıqdan baş verib.
Növbəti proses sentyabrın 21-də davam edəcək.
İttihama görə, bu ilin aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt şəhər Uşaq Xəstəxanasında ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İbtidai istintaqla 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən təlim zamanı tələbəsi Fərid Bakarova çoxsaylı zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Mehman Xəlilova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib./Teleqraf.com