Mətbuat xidmətlərinin qeyri-operativliyi: Bu cür yarıtmaz fəaliyyət informasiya təhlükəsizliyimizi təhdid edirbackend

Mətbuat xidmətlərinin qeyri-operativliyi: Bu cür yarıtmaz fəaliyyət informasiya təhlükəsizliyimizi təhdid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaman- zaman ölkəmizdə baş verən fövqəladə hadisələr, mühüm olaylar zamanı müvafiq rəsmi dövlət qurumlarının mətbuat xidmətlərinin ictimaiyyətə gec məlumat verməsi, ləngliyi cəmiyyətdə geniş müzakirələrə və haqlı narazılıqlara səbəb olur. Mətbuat xidmətlərinin baş verən mühüm hadisələrlə bağlı olduqca gec reaksiya vermələri nəticə etibarilə qeyri-rəsmi mənbələrdə sosial şəbəkə hesablarında  dezinformasiyaların yayılmasına səbəb olur. Eyni zamanda, ilkin məlumatların rəsmi qurumlardan, yəni ilk mənbədən deyil, dolayısı ilə müxtəlif səhifələrdən xaricdən idarə olunan saytlardan əldə edilməsi ölkəmizin informasiya təhlükəsizliyi üçün təhdidlər törədir və qeyri-dəqiq informasiya mənbələrini legitimləşdirir. Artıq insanlar onlara inanmaq istəyir.Mətbuat xidmətləri isə operativ reaksiya verməməklərinin səbəbini belə əsaslandırırlar ki, informasiyanı dəqiqləşdirirlər.

Maraqlıdır, həqiqətənmi müasir 21-ci  əsrdə dəqiqləşdirmə saatlarla və bəzən günlərlə çəkə bilərmi?

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, postmodernist cəmiyyət informasiya cəmiyyəti kimi xarakterizə olunur, o cümlədən haz-hazırda Azərbaycan da informasiya cəmiyyəti çağırışları ilə yaşayır :

” İnformasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən  biri məlumatın interaklivliyidir. Bu isə ümumi ictimai rəyi formalaşdıran əsas vasitə, hadisələrə münasibəti təyin edən mühüm faktordur. Ona görə də ölkədə baş verən hər hansı  ictimai əhəmiyyətli hadisə əgər rəsmi qurumlarla əlaqəlidirsə, mütləq rəsmi şəkildə verilməli olan informasiya operativliyi ilə müşahidə olunmalıdır. Operativlik çox vacib amildir. Müvafiq rəsmi qurumlar informasiya boşluğunun yaranmaması üçün bu addımı atmalıdırlar. Çox təəssüf ki, bəzi hallarda biz hələ də Azərbaycanda müşahidə edirik ki, ayrı-ayrı rəsmi qurumların mətbuat xidmətləri ictimaiyyətin təcili gözlədiyi xəbərləri vaxtında təqdim edə bilmir. Beləliklə, dərhal hər hansı bir hadisə ilə əlaqədar olaraq müxtəlif xeyirxah və qeyri-xeyirxah təşəbbüskar mənbələr bu informasiya boşluğunu  öz məqsədləri naminə dərhal doldururlar. Əslində informasiya manipulyasiyası edirlər. Nəzərə almaq lazımdır ki, ictimai yaddaş mühafizəkardır, qəbul etdiyi ilk informasiyanı daha uzunmüddətli yadda saxlayır və onu daha dəqiq hesab edir. Dolayısı ilə rəsmi informasiyanın çatışmamazlığı qeyri-rəsmi informasiyanı və yaxud dezinformasiyanın ictimai rəydə legitimləşməsini təmin edir. Bu, yolverilməzdir. Ona görə də əgər doğurdan mətbuat xidmətləri informasiyanın dəqiqləşməsinə ehtiyac duyursa, ilk növbədə hadisə ilə bağlı ilkin informasiya yaymalı, pillə-pillə ötürməlidirlər”.

Millət vəkilinin sözlərinə görə informasiyanın dəqiqləşdirilməsi üçün müxtəlif obyektiv səbəblər ola bilər, amma bu o demək deyil ki, fövqəladə hadisə baş verdikdə ictimaiyyət məlumatsız qoyulmalıdır:

“Hər halda mütləq hadisədən dərhal sonra hadisəni təsdiq və ya təkzib edən informasiya yayılmalı və qeyd olunmalıdır ki, əlavə məlumat veriləcəkdir. Heç olmasa pillə-pillə ilkin məlumatları ötürmək lazımdır ki, ictimai rəy bu informasiya əsasında formalaşsın. Əks təqdirdə, heç bir informasiya yaymamaq boşluq yaradır və nəticədə də dediyimiz xoşa gəlməz hallar yaranır ki, bu da ölkəmizdə informasiya təhlükəsizliyi baxımından olduqca təhlükəlidir. Hesab edirəm ki, müvafiq dövlət qurumlarının mətbuat xidmətləri bu boşluqları aradan qaldırmaq üçün təcili tədbir görməlidir”.

Editor.az-a açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə bildirib ki, insanların ekstremal situasiyalarda həyəcanlanması, soyuqqanlılığını itirməsi başa düşüləndir:

” Xüsusilə hərbi qəzalarda bu tendensiya daha qabarıq şəkildə müşahidə olunur. Vəziyyətdən yeganə çıxış yolu cəmiyyəti vaxtında məlumatlandırmaq, şayiələrin ayaq tutub yeriməsinin qaşısını almaqdır”.

Jurnalist sözlərinə görə, dövlət qurumları həlledici məqamda susanda təxribatçılar, araqızışdıranlar danışır:

“DSX-ya məxsus hərbi vertolyot dünən qəzaya uğyanda biz bunun bir daha şahidi olduq. Rəsmi məlumat çox gec verildiyi üçün şayiələr havada uçuşdu. Mövzudan xəbəri olan da, olmayan da danışdı. Hansı ki, dünən DSX-dan çeviklik tələb olunurdu. Cəmiyyəti o qədər gec məlumatlandırdılar ki, bəzi təxribatçılar insanların ürəyinə şübhə toxumu səpməyi bacardı. Hərbiləşdirilmiş strukturda bu cür ləng informasiya siyasəti olmamalıdır. Cəmiyyətə vaxtında bilgi vermədikləri üçün indi şayiələri təkzib etməklə məşğuldur. Bu cür yarıtmaz fəaliyyət təhlükəsizliyimizi təhdid edir. Bunun qarşısı dərhal alınmalıdır”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.