Mikayıl Cabbarov: “BMT ilə əməkdaşlığın inkişaf etdirilməsində Heydər Əliyevin böyük rolu olub”backend

Mikayıl Cabbarov: “BMT ilə əməkdaşlığın inkişaf etdirilməsində Heydər Əliyevin böyük rolu olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heydər Əliyevin 1969-cu ildə ilk dəfə Azərbaycanın rəhbəri təyin olunduğu vaxtdan ölkəmizin tərəqqi və rifah yolu başlayıb”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, 1969-1982-ci illərdə həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində Azərbaycan sürətlə inkişaf etdi və Sovet İttifaqında qabaqcıl respublikalardan birinə çevrilib:

“Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı ağır siyasi və iqtisadi problemlər, Ermənistanın hərbi təcavüzü mövcud vəziyyəti daha da çətinləşdirmişdi. Bu çətin dövrdə məhz Heydər Əliyevin göstərdiyi liderlik məharəti, strateji qərarları sayəsində Azərbaycanda güclü və müstəqil dövlət, səmərəli, davamlı inkişaf edən iqtisadiyyat və rifahlı, azad cəmiyyət formalaşıb”.

M.Cabbarov qeyd edib ki, Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf yolunu dəqiq müəyyənləşdirib:

“Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri – xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilib. “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yaratdı. Uzaqgörən neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin gələcək dayanıqlı inkişafının əsasını qoyub”.

Nazir vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi ulu öndərin diqqət yetirdiyi əsas məsələlərdən idi:

“1992-ci ildən üzv olduğu BMT ilə əməkdaşlığın inkişaf etdirilməsində də ümummilli liderin BMT Baş Assambleyasındakı çıxışlarının böyük rolu olub. Heydər Əliyev çıxışlarında Azərbaycanın siyasi-iqtisadi vəziyyəti və dünya birliyinə münasibətdə siyasətinin prinsiplərini bəyan edib və Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında geniş məlumat verərək bunun nəticəsində Azərbaycanın düşdüyü çox ağır vəziyyəti BMT üzvlərinə çatdırıb”.

Onun sözlərinə görə, Heydər Əliyevin iştirakı ilə Azərbaycan 2000-ci ilin sentyabrında BMT-nin əksər üzv ölkələri ilə birlikdə Nyu-Yorkda “Minilliyin Sammiti”ndə 2015-ci ilədək olan dövrdə dünyada insanların yaşayışında əhəmiyyətli müsbət dəyişikliklər yaratmaq üçün ümumi çərçivəni müəyyən edən Minilliyin Bəyannaməsini qəbul edib:

“Bu bəyannamədə səkkiz qlobal Minilliyin İnkişaf Məqsədi (MİM) əks olunub. Ölkəmizdə MİM-lərə nail olunması məqsədilə kompleks tədbirləri əhatə edən “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”, regionların sosial-iqtisadi inkişafı istiqamətində 3 dövlət proqramı (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) qəbul olunub.

Nəticədə Azərbaycan Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflər, xüsusilə yoxsulluğun azaldılması, təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyi və ətraf mühitin qorunması sahəsində vəziyyətin yaxşılaşdırılması, uşaq və ana ölümü hallarının azaldılması, təhlükəli yoluxucu və digər xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi və tərəqqi naminə qlobal tərəfdaşlıqda iştirakın genişləndirilməsi üzrə mühüm nailiyyətlər əldə edib. Ən mühüm nəticə kimi, Azərbaycan Minilliyin İnkişaf Məqsədləri çərçivəsində yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürən 128 ölkə arasında bu öhdəliyi yerinə yetirən 18 ölkədən biri olmaqla yanaşı, dünyada yoxsulluğun 5%-dən aşağı endirilməsinə nail olan 29 ölkə sırasında yer alıb. Ölkəmiz 2010-cu ildə “orta insan inkişafı” statusuna malik ölkələr qrupundan çıxaraq “yüksək insan inkişafı” kateqoriyasına daxil olub ki, bu istiqamətdə BMT ilə həyata keçirilən layihələrin rolunu xüsusi qeyd etmək istərdim”.