Argentina prezidenti Xavyer Miley 2024-cü ildə Latın Amerikası ölkələri arasında Ukraynaya dəstək sammiti təşkil etməyi planlaşdırır.
Editor.az bu barədə Financial Times-a istinadla xəbər verir. Miley planlaşdırılan tədbirin təfərrüatlarını açıqlamayıb, lakin qeyd edib ki, o, ABŞ, İsrail və Ukrayna da daxil olmaqla “azadlığı müdafiə edən ölkələr”lə müttəfiqlik münasibətlərinə üstünlük verir. Financial Times-ın qeyd etdiyi kimi, Argentina prezidentinin mövqeyi regionun digər ölkələrindən fərqlənir. Xüsusilə, Braziliya prezidenti Lula da Silva və Meksika prezidenti Andres Manuel Lopez Obradorun Ukrayna ilə bağlı fərqli mövqeləri var. İkinci turda səslərin 55,69 faizini toplayan 53 yaşlı Xavyer Miley sağçı “Azadlıq gəlir” alyansının bir hissəsi olan Libertar Partiyasına rəhbərlik edir. O, dövlətin həyata minimal müdaxiləsini müdafiə edir, Mərkəzi Bankı ləğv etməyi planlaşdırır, milli valyutanın dollarla əvəzlənməsini təklif edir. Siyasətçi Braziliya, Çin və Rusiya ilə dövlətlərarası münasibətləri inkişaf etdirməyəcək, lakin özəl sektorun bu ölkələrlə qarşılıqlı fəaliyyətinə mane olmayacaq.
//Gülnarə Abasova, Editor.az

