“Bu amil Azərbaycan – ABŞ münasibətlərinə ciddi təsir göstərməyəcək”.
Bunu Editor.az-a açıqlamasında AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin brifinq zamanı , “Biz Laçın dəhlizinin dərhal açılmasını istəyirik. Biz bunu açıq şəkildə demişik. Dövlət katibi Blinken həm Ermənistan, həm də Azərbaycan liderləri ilə danışıb və biz Qarabağda həqiqətən də ağır humanitar vəziyyəti həll etmək üçün Laçın dəhlizinin dərhal açılmasını istəyirik”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ dövlət nümayəndələrinin və diplomatlarının bu formada bəyanatları balansı qorumaq üçündür:
“Çünki bir həftə öncə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qarabağ ərazisində keçirilən qondarma seçkilər haqda ”Biz Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq, eyni zamanda, orada keçirilən seçkiləri də tanımırıq” şəklində Azərbaycanın mövqeyini dəstəkləyəcək açıqlama vermişdi. Hesab edirəm ki, Qarabağ mövzusunda ABŞ-nın Azərbaycana mövqeyi həm Rusiyanın, həm də Fransanın mövqeyindən daha yaxşıdır. Hətta Putin daha sonra etiraf etdi ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq qəbul olunması şərti ilə Ermənistan ilə sülhün bağlanması ilk dəfə məhz ABŞ-nın təklif etdiyi Vaşinqton variantında öz əksini tapıb”.
K.Məmmədli bu cür bəyanatların iki ölkə arasında münasibətlərə ciddi təsir edəcəyini düşünmür:
“Əksinə Azərbaycan diplomatları ABŞ-la əlaqələri daha da gücləndirməli , onlara bu məsələdə Azərbaycanın haqlı mövqeyini, beynəlxalq hüquq çərçivəsində haqlı olduğunu xatırlatmalıdır. Necə ki, bir həftə öncə Metyu Miller bizim leyhimizə açıqlama verdikdə ermənilər ABŞ ilə əlaqəni kəsmədisə, bizdə eyni formada indi əlaqələri daha gücləndirməli və bu məsələdə haqlı mövqeyimizi onlara izah etməliyik “.
//Safura Bənnayeva, Editor.az

