“Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə, 27-ci Beynəlxalq Neft-Qaz sərgisilə bağlı ünvanlanan təbrik məktublarında da əsas tezis Azərbaycanın etibarlı strateji tərəfdaş və sabitləşdirici faktor olması ilə bağlı fikirlərdir. ABŞ Prezident Cozef Baydenin məktubunda enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmənin heç vaxt olmadığı qədər əhəmiyyətli olması vurğulanır və Azərbaycanın bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynadığı bildirilir. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malik tərəfdaş kimi qəbul olunur.Böyük Britaniya isə təmiz enerjiyə keçidlə bağlı Azərbaycanın öhdəliyini alqışlayır. Azərbaycan kimi ölkələrin sıfır karbon tullantılarını təşviq edən ölkə olmaq üçün yüksək potensiala malik olduğunu qeyd edir. Birləşmiş Krallığın dövlət naziri Qreqori Uilham Hendsin məktubunda bu məqam xüsusi vurğulanır”.
Editor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqı da Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələri əhəmiyyətli hesab edir:
“Cənub Qaz Dəhlizi fonunda Azərbaycanın oynadığı rol Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərinə əlavə töhfə verir. Bunun nəticəsidir ki, İttifaq Azərbaycanla enerji sahəsində münasibətləri uzunmüddətli müsbət enerji dialoqu üzərində qurub. Görünən budur ki, beynəlxalq tərəfdaşlar Azərbaycanı qlobal enerji bazarında sabitləşdirici faktor hesab edir. Son illər enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizlik məsələsidir. Rusiya-Ukrayna hərbi toqquşmasından sonra yaranmış vəziyyət bunu bir daha təsdiqləyir. Bakının ev sahibliyi etdiyi Enerji Həftəsi istər yeni vəziyyəti nəzərdən keçirmək, istərsə də Azərbaycanın potensialını qiymətləndirmək, əməkdaşlıq perspektivlərini müzakirə etmək baxımından olduqca əhəmiyyətlidir. Hazırda böyük maraqla qarşılanan və genişlənməkdə olan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti TAP Azərbaycan qazını Avropa bazarına çıxarmaqla yanaşı həm də artan tələbata uyğun olaraq ixracı artırmaq imkanı yaradır. Prezident İlham Əliyev Xəzər Neft və Qaz sərgisinin açılışında da qeyd etdi ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Təsadüfi eyil ki, ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib. Bu il bu rəqəmin 24 milyard kubmetr, gələn il isə daha çox olacağı gözlənilir. “Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir”, -deyə dövlət başçımız bildirib.Göründüyü kimi,Azərbaycan Avropanın yeni enerji xəritəsində əsas iştirakçı olmaqla yanaşı həm də qlobal enerji tendensiyalarına uyğun qərarların verildiyi, müzakirələrin təşkil edildiyi siyasi dialoq mərkəzinə çevrilib”.
//Gülnarə Abasova, Editor.az

