“Biz ailənin tək uşağını müharibəyə aparırıq. Amma uşaqpulu verilmir”. Bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən iclasında deyib. “Büdcəmizdən niyə ailələrə maliyyə ayrılmır, dövlət niyə buna pul ayırmır? Sovet dönəmində ailələrdə axtarış olunurdu ki, təkuşaqlı ailədən müharibəyə aparmasınlar. Amma indi bizdə fərqlidir. Tək uşağı cəbhəyə aparırıq, amma böyüdülməsinə pul vermirik, niyə buna biganə yanaşırıq. Qonşu ölkələrdə də belə nümunə var ki, uşaqpulu verilir. Götürək Rusiyanı, onlar hər doğulan uşağa pul verirlər, bizdə niyə olmasın? Azərbaycanın büdcəsi buna çatır axı”, – deyə deputat parlamentdə məsələ qaldırıb.
Qeyd edək ki, “uşaq pulu” məsələsi dəfələrlə müzakirə edilsə də öz həllini tapmır.
Sabiq millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli Editor.az-a bildirib ki, uşaq pulu mövzusu uzun müddətdir cəmiyyətdə müzakirə olunur:

“İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda görürük ki, uşaq pulu cəmiyyətin gələcək vətəndaşının həm sağlamlığı, həm də təhsili üçün ailələrə dövlətin yardımıdır. Dövlət bir atadırsa, onun övladına olan qayğısıdır. Ancaq Azərbaycanda müxtəlif dövlət qurumları və millət vəkilləri bildirirlər ki, guya ölkəmizdə doğumla, təbii artımla bağlı heç bir problem olmadığına görə uşaq pulunun verilməməsini qərara alınıb. Bu isə ünvanlı sosial dövlət yardımı ilə əvəz olunub. Lakin müxtəlif maliyyə pozuntuları, rüşvəxtxorluqla müşayiət olunduğuna görə ünvanlı sosial yardım müsbət nəticə vermir. Hesab edirəm ki, uşaq pulu dövlətin valideynlə birlikdə məsuliyyəti bölüşməsi, uşaqlara qayğısıdır və bu pul uşaqlara verilməlidir”.
Nazim Bəydəmirli “uşaq pulu” məsələsinin tək uşaqların müharibəyə aparılması ilə əlaqələndirilməsini doğru hesab etmir:
“Bu məsələnin tək uşaqların hərbi xidmətə aparılması və digər məsələlərlə əlaqələndirilməsini də doğru hesab etmirəm. “Dövlət uşaq pulu ayırılmalıdır ki, hərbi xidmətə aparacaq” düşüncəsi yanlışdır”.
//Gülnarə Abasova, Editor.az

