Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilərbackend

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır.

Bu, islahat dalğasının davamlılığının göstəricisi olmaqla yanaşı, dövlətin gəncləşmə siyasətinə önəm verdiyinin də növbəti təsdiqidir.

Xatırladaq ki, indiyə qədər idarəçilikdə ciddi islahatlar həyata keçirilmiş, islahatları tormozlayan şəxslərin vəzifədən azad edilərək yenilikçi kadrlarla əvəzlənməsinin şahidi olmuşuq. Bu baxımdan Fərid Hacıyevin təyinatını da idarəçilikdə yeni düşüncəyə daha geniş meydan verilməsi kimi dəyərləndirmək olar.

Maraqlıdır, Milli Məclisin Aparat rəhbəri vəzifəsinə yeni təyinat nə vəd edir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, hakimiyyətin gənc kadrlarla işləməyə üstünlük verməsi sevindirici haldır:

“Səfa Mirzəyev kimi yaşı 70-i keçmiş kadrların gənclərlə əvəzlənməsini alqışlayırıq. Ümid edirik ki, yeni gənc kadrlar özlərindən əvvəlki kommunist düşüncəlilərin yolunu davam etdirməyəcək, özlərinə daha demokratik, daha açıq idarəçilik metodları seçəcəklər. Təəssüflə demək istəyirəm ki, yeni təyin edilən gənc kadrlar bəzi hallarda etimadı doğrultmur, hətta sələflərinə rəhmət oxutdururlar. Bir neçə kadrla bağlı biz bunun şahidi olmuşuq. Güman edirəm ki, Fərid Hacıyevin timsalında biz bu kimi neqativ halları görməyəcəyik. O, əvvəl də parlamentdə çalışıb. Buna görə də onun öz işini yüksək səviyyədə bildiyini güman edirəm”. 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da fəaliyyəti qənaətbəxş olmayan köhnə düşüncəli kadrların əvəzlənməsini müsbət qarşıladığını bildirib:

“Şərti olaraq “beşinci kalon” adlandırılan fiqurların, eləcə də fəaliyyətləri günümüzün şərtləri ilə ayaqlaşmayan şəxslərin idarəçilikdə kök salması bir çox sahələrdə ciddi problemlər yaradıb. Bu baxımdan yeniliyə böyük ehtiyac var. Odur ki, Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri təyin edilməsinə çox sevindim. Gənc kadrdır. Əminəm ki, hüquq sistemini çox yaxşı bilir. Bu gün Fərid Hacıyevin timsalında aparılan gəncləşmə siyasətinin icra strukturlarında da aparılacağına ümid edirəm”.