Milli Məclisin sədri Bolqarıstan Prezidenti ilə görüşüb – FOTObackend

Milli Məclisin sədri Bolqarıstan Prezidenti ilə görüşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb.

Bu barədə Editor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı Azərbaycan və Bolqarıstanın dost və strateji tərəfdaş ölkələr olduğu qeyd edilərək, münasibətlərin inkişafında həm ikitərəfli səviyyədə, həm də müxtəlif tədbirlərdə iştirak çərçivəsində baş tutmuş çoxsaylı yüksək səviyyəli səfərlərin və görüşlərin önəmi diqqətə çatdırılıb. Bu mənada, dövlət başçılarının qarşılıqlı səfərlərinin önəmi xüsusilə vurğulanıb.

Söhbət zamanı bu gün ikitərəfli münasibətlərin daha da inkişafına təkan verəcək bir sıra mühüm sənədlərin imzalanmasının, bolqar iş adamlarının iştirakı ilə keçirilən Biznes forumun əhəmiyyəti qeyd olunub. “Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”nin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə vacib töhfə verəcəyi bildirilib.

Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu xatırlanaraq, qeyd olunub ki, ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün kifayət qədər böyük potensial və çoxlu imkanlar var. Tərəflər xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin 2022-ci ildə rəsmi səfəri zamanı açılışı olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu əməkdaşlıqda yeni səhifə açıb.

Bolqarıstan-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini deyən Bolqarıstan Prezidenti, Azərbaycanın Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu xüsusi qeyd edib. Diqqətə çatdırılıb ki, Bolqarıstan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən “Həmrəylik halqası” isə enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi ilə nəticələnəcək. Rumen Radev bildirib ki, bu layihənin reallaşmasında Azərbaycan mühüm rol oynayır.

Söhbət zamanı ənənəvi enerji resursları ilə yanaşı, Azərbaycanın bərpa olunan enerji istehsalı və ixrac potensialı nəzərə alınaraq, bu istiqamətdə də əməkdaşlığın daha da genişlənəcəyinə inam ifadə olunub.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimizin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirib. O, özünün ötən il Bolqarıstana, bu ilin mart ayında isə Bolqarıstan Milli Assambleyası sədrinin Azərbaycana baş tutmuş rəsmi səfərlərini xatırlayaraq, bu səfərlər çərçivəsində keçirilən görüşlərdən razılığını bildirib. Spiker qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından dostluq qruplarının birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Görüşdə, həmçinin Azərbaycan və Bolqarıstan xalqları arasında dostluğu nəzərə alaraq, ölkələrimiz arasında humanitar əməkdaşlığın xüsusi məna və əhəmiyyət kəsb etdiyi, son illər bu sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. O cümlədən, Veliko Tırnova və Şuşa şəhərləri arasında qardaşlaşma haqqında 2022-ci ildə imzalanmış anlaşma memorandumunun əhəmiyyəti diqqətə çatdırılıb.

Söhbət zamanı Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi haqqında da fikir mübadiləsi aparılıb.

Ali qonaq ölkəmizin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, Bolqarıstanın COP29-un həyata keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.