Milli-mədəni irs: istiqlalın və dövlətçiliyin qarantıbackend

Milli-mədəni irs: istiqlalın və dövlətçiliyin qarantı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

Azərbaycan tarixinin inkişafı illər boyu mərhələli şəkildə müxtəlif sahələrin dirçəlməsinə səbəb olub. Məlum məsələdir ki, xalqımız hər zaman öz ənənələrinə, milli mədəniyyətinə bağlı bir xalq olub. Bu reallıq əsrlər boyu dəyişmir. Qloballaşan dünyada milli adət və ənənələr əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını önə çıxarır.

Dünya tarixinin ən qədim xalqlarından olan Azərbaycan  özünün milli və mənəvi dəyərlər sistemi ilə bəşəriyyətə əvəzsiz töhfələr verib. Hətta müasirləşən dünyada bəlkə də barmaqla sayılacaq xalqlardandır, ki öz adət-ənənələrinə hər zaman sadiq qalır. Dövlətimiz də xalqla birlikdə bu sadiqliyini öz mədəniyyətinin təbliği, ədəbiyyatın tərəqqisi, elm və təhsilin inkişafı məsələsində də ön plana çəkib. Ümummilli lider Heydər Əliyev “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”, – deyib. Bu fikirlər təsadüfi deyil. Ulu Öndərin  Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətlərdən biri də məhz bu istiqamətdədir. Belə ki, Ümumilli liderimiz milli-mənəvi dəyərlərin, xalqımızın sahib olduğu zəngin mədəni irsin gənclərə və ümumiyyətlə, gələ­cək nəsillərə itkisiz ötürülməsini dövlət müstəqilliyinin tə­minatı üçün zəruri amil saymışdır.

Mövzu ilə bağlı fikirlərini Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Adil Həsənoğlu (Balıyev) Editor.az-a bölüşüb.

O, bildirib ki, ötən əsrin əvvəlində “İstiqlal Bəyannaməsi” qəbul edən və cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Cümhuriyyəti ilə 1991-ci ilin 18 oktyabrında Müstəqillik Aktı qəbul edərək özünü həmin dövlətin varisi hesab edən Azərbaycan Respublikasının üst-üstə 35 yaşı belə tamamlanmayıb:

“Amma bu gün gənc respublika Qafqazda lider dövlət, Yaxın Şərqdə söz sahibi, dünyanın ali kürsülərindən səsi gur gələn bir demokratik məmləkətdir. Bu mərhələyə qədər təbii ki, hər bir xalq, ilk növbədə, millətləşmə, dövlətləşmə prosesindən keçməli, müəyyən ictimai-siyasi, iqtisadi problemlərlə üzləşməlidir. Bəli, Azərbaycan Respublikası dünyanın gənc dövlətlərindəndir, amma bu ona da əsas vermir ki, kimlərsə bizə dövlətçilik ənənəsi olmayan millət kimi yanaşsın. Biz millət olaraq dünyada onlarla imperiyalar qurmuş bir qövmün – türk millətinin yetirmələriyik və bundan başqa SSRİ adlı imperiyanın tərkibində 70 il öz dilini, coğrafiyasını, milli kimliyini qoruyub saxlamağı bacaran millətlərdənik. SSRİ dövrünün totalitar ideologiyası imkan verməsə də, şüuraltı olaraq Tomris, Uzun Həsən, Xətai, Nadir şah, Məmmədəmin Rəsulzadə varisləri olduğumuzu duymuş, milli adət-ənənələrimizi, ədəbiyyatımızı, dini təəssübkeşliyimizi qorumaqla sinəmiz altında közərən azadlıq şöləsini sönməyə qoymamış, istiqlal davasının olacağı günləri gözləmişik. Əzilməyə, repressiyalara, ideoloji nəzarətlərə baxmayaraq, özümüzü imperiyanın qulluqçusu kimi aparmamış, ərazimizi imperiyanın ucqar bir əyaləti kimi deyil, siyasi coğrafiyası olmasa da iqtisadi coğrafiyası məlum dövlət kimi hiss etməyə çalışmışıq. Bu qorunma instinktində bizə yardım edən ana dilimiz, ana dilli məktəblərimiz, mədəni irsimiz, milli dəyərlərimiz idi. Minlərlə ziyalısının repressiyaya uğramasına rəğmən xalq öz ruhunu saz, söz işığında, “Novruz” tonqallarında, bədii əsərlərin sətraltı mənalarında, Qobustanın daş qavallarından gələn səslərdə, Azıx mağarasının dərinliyindən süzülən işıqda görə, qoruya bilmiş,  “Bir kərə yüksələn bayrağın bir daha yenməyəcəyinə” inanmış, şüuraltı istiqlal gününü gözləmişdi. Nəhayət, ötən əsrin 80-ci illərindən başlayan milli oyanış, Qarabağ hadisələri kontekstində şiddətlənən vətənpərvərlik duyğuları yavaş-yavaş milliləşməyə, dövlətləşməyə istiqamətləndi. Qoca Şərqin ilk demokratik cümhuriyyətini quran, ilk operasını yaradan, qadına ilk dəfə seçim hüququ verən bir xalq dövlət varisliyi prosesini də uğurla yekunlaşdırdı,  müstəqil dövlətini bərpa etdi. Müstəqil Azərbaycan dövləti yenicə qurulsa da, onun icmalar, xanlıqlar, qədim imperiyalar dövründən qaynaqlanan dövlətçilik ənənəsi var idi. Bu dövləti quranlar onu da yaxşı bilirdilər ki, cəmiyyətin mənəvi çiçəklənməsi, dövlətin özülü xalqın mədəni irsi ilə, tarixi ilə, ənənələri ilə sıx bağlıdır. Tarixi-mədəni irsin qorunması dövlətin davamlı inkişafının, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinin ilkin şərtidir. Böyük imperiyalar yaradıb tarixin arxivinə göndərən xalq yaxşı bilirdi ki, yeni yaranan dövləti qorumaq, möhkəmləndirmək, az danışıb, çox dinləmək, çox iş görmək lazımdır. Müstəqil dövlətin təməl daşlarını qoyan siyasilər anlayırdılar ki, “Balığı quyruğundan, dövləti başından təmizləyərlər” (Serqey Lazunko). Müstəqillik yolunda öz kövrək addımlarını atan dövləti dövlətçilik ənənələri, keçmiş səhvlərdən nəticə çıxarmaq  qoruya bilər ki, bu da xalqın tarixi, milli-mədəni irsi, ədəbiyyatı ilə sıx bağlıdır. Yeni qurulan dövlətdə “vətəndaş əlində tutduğu siqaret kötüyünü yerə deyil, külqabına atmalı, dövlət isə növbəti külqabına gediləsi yolu yorucu etməməlidir “ (Fazil İsgəndər). Bir qədər kiçik görünən bütün bu elementlər mədəniyyət, idarəetmə elementləridir.  Unutmaq olmaz ki, böyük mədəniyyət, stabil dövlətçilik ənənələri də bu kiçik elementlərdən düzgün və vaxtında istifadə zamanında formalaşır”.

A. Həsənoğlu hesab edir ki, qloballaşan dünyada sözümüzün keçərli olmasının yolu da böyük mədəniyyətdən, güclü dövlətçilikdən keçir:

” Müxtəlif dövlətlərin birliyi yaşadığımız dünyanı təşkil etdiyi kimi, müxtəlif mədəniyyətlərin birliyi də bəşəri dəyərləri, ahəngdar yaşam tərzini təşkil edir. Mədəniyyət eyni zamanda dövlətlərin öz daxilində də müxtəlifliyinin elementidir. Azərbaycan mədəniyyətini zənginləşdirən əsas istiqamətlərdən biri də bu dövlətdə yaşayan etnik azlıqların yaratdığı mədəniyyətdir. Müasir Azərbaycan dövlətini formalaşdıran da bu milli mədəniyyətlərin vahid hədəfə inteqrasiya olunmasıdır. Bizim fəxrlə adını çəkdiyimiz inkişaf etmiş Avropa dövlətləri də indiki yüksəlişə dil, din, ədəbi-bədii ənənələr, fikir plüralizmi vəhdətində nail olmuşlar. Bu gün dünyanın siyasi kuluarlarında tez-tez eşitdiyimiz “milli müqəddaratı təyinetmə” prinsipi də bu amillərə, mədəniyyətlərin qorunmasına xidmət edir. Bu gün Avropada katalon, ispan, korsikalı, fransız birgəyaşayışı olduğu kimi  bizdə də türk, talış, ləzgi, kürd və s. birgəyaşayışı mövcuddur. Ayrı-ayrı azlıqların mədəniyyətinə dözümsüzlük,  qeyri-tolerantlıq, irqi ayrı-seçkilik bütövlükdə dövlətin unitarlıq sütunlarını zədələyir. Bu gün Azərbaycan dövlətinin və onun Ali Qanununun nüvəsini də milli birliyi, dövlətçiliyi qoruyan hüquqi müddəalar təşkil edir. Bütün dövlətlər kimi Azərbaycan dövləti də yaxşı bilir ki,  milli azlıqların mədəniyyətinin, hüquqlarının qorunması sırf daxili məsələ də deyildir. Məhz bu prizmadan çıxış edərək biz beynəlxalq tribunalarda erməni vandalizmini pisləyir, dağıdılan məscidlərimizin, milli mədəniyyət  abidələrimizin haq-hesabını soruruq. Xalqımızın mədəni  irsinin dağıdılmasını, talan edilməsini beynəlxalq standartların pozulması kimi göstərir və Ermənistan dövlətini məsuliyyətsizlikdə, bəşəri cinayətdə  ittiham edirik. Özümüzü sivil dünyanın bir hissəsi bilərək ərazimizdə yaşayan bütün xalqların və etnik qrupların mədəni irsini qoruyur, milli azlıqlara bərabərhüquqlu Azərbaycan vətəndaşı kimi yanaşırıq. İsrail kimi bir dövlətin yanımızda yer alması, beynəlxalq arenalarda bizi müdafiə etməsi bu cür tolerant dövlət olmağımızın, ümumbəşəri dəyərlərə sahib çıxmağımızın nəticəsidir. Bu hal milli ruhumuzu “kasıblaşmağa” qoymur, dünya sivilizasiyasına töhfələr verməyimizə yardım edir və dövlət olaraq haqq işimizin qalib gəlməsinə kömək göstərir.  Son onilliklərdə ölkə rəhbərliyi Azərbaycanın mədəni irsinin, mədəni landşaftının (yer adlarının bərpası) qorunması ilə bağlı sərəncamlar verir, mədəni yaddaşın qorunması üçün səmərəli işlər görür ki, bu da özlüyündə dövlətə, dövlətçiliyə böyük xidmətdir. Azərbaycanın mədəni mənzərəsinin yaradılmasında, milli kimliyin formalaşmasında milli yaddaşın rolu danılmazdır.Cəmiyyətin idarə olunmasında müəyyən liberal dəyərlərə şərait yaradılsa da, dövlətin, dövlətçiliyin güclənməsində milli dəyərlərə, vətənpərvərlik, milli bütövlük ideyalarına geniş yer verilməli, maddi-mədəni resurslar bu istiqamətin inkişafına yönləndirilməlidir. Öz xalqının tarixinə, dilinə, dövlətçilik ənənələrinə, milli mədəniyyət abidələrinə laqeydlik aradan qaldırılmalı, milli və bəşəri dəyərlərin qovşağında formalaşan cəmiyyətimiz sivil dünyanın tərkib hissəsinə çevrilməlidir. Mədəni yaddaş tarixi yaddaşla əlaqələndirilməli, nəsillərarası varislik qorunmalı, dünənin hər şeyinə “pis”, bu günün hər şeyinə “yaxşı” demək yanaşması aradan qaldırılmalı, “dünənə güllə atanı, gələcək topa tutar” ideyası ətrafında izahat işləri aparılmalıdır. Unutmaq olmaz ki, tarixi yaddaş milli özünüdərkə töhfə verirsə, mədəni irs də bəşəriyyətin ümumi malına çevrilir. Dövlətçilik tariximiz tələb edir ki, biz milli-mədəni irsə münasibətdə özünəməxsusluğumuzu qorumaqla yanaşı, ümumbəşər xəzinəsinə də töhfələr verək və oradan da ustalıqla yararlanaq. Müstəqilliyimizin qorunması, dövlətçiliyimizin güclənməsi milli dəyərlərlə bəşəri dəyərləri uzlaşdırmağımızdan çox asılıdır.  Dünyanın siyasi xəritəsinin yenidən cızıldığı, iki həftədən bir bir xalqın dilinin sıradan çıxdığı vaxtda dövlətimizi dövlətlər, millətimizi millətlər, imzamızı imzalar içində görmək istəyiriksə, tariximizə, milli dəyərlərimizə rəğbətlə yanaşmalı, mənəvi və intellektual potensialımızı artırmalı, dövlətimizin, dövlətçiliyimizin yanında olmalıyıq”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.